“Qidanın çatdırılmasının müxtəlif modelləri müzakirə olunur” - Çxenkeli şagirdlərə qida verilməsi haqqında
Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli parlamentdə nazir saatı formatında məruzə edib.
O, məktəblilərin qidalanması məsələsinə toxunaraq bildirib ki, iş prosesi aktiv rejimdədir.

“Nazirliyin təşəbbüsü və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun cəlbi ilə məktəb yeməkləri ilə bağlı konkret plan hazırlayacaq və Gürcüstanın baş naziri cənab İrakli Qaribaşviliyə təqdim edəcək idarələrarası qrup fəaliyyətə başlayıb.

Yerli imkanlar, qabaqcıl beynəlxalq təcrübə öyrənilib və məktəbdə qidalanma konsepsiyası üzərində fəal iş aparılır. Ölkə üzrə region və rayonların xüsusiyyətləri nəzərə alınmaqla qida təhlükəsizliyi üzrə ekspertlər və digər mütəxəssislərin cəlb edilməsi ilə müxtəlif qida çatdırılması modelləri müzakirə olunur.

Parlamentin sahə komitələri də sözügedən prosesdə fəal iştirak edəcəklər”,
- deyə nazir parlamentdə bildirib.

Nazirin sözlərinə görə, Gürcüstanın Təhsil və Elm Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu arasında əməkdaşlıq memorandumu imzalanıb ki, bu memorandum Gürcüstan məktəblərində şagirdlərin məktəb qidalanması proqramının tətbiqini təşviq etmək üçün konkret addımların atılmasını nəzərdə tutur.

Uşaqların qidalanması məsələsini “Səs” hərəkatı qaldırıb. Uşaqlar üçün pulsuz məktəb yeməkləri kampaniyası 2021-ci ilin oktyabrında başladılıb.
Mənbə: Netgazeti

Print