Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq, dostluq və
yaxın qonşuluq münasibətlərinə əsaslanan əlaqələr müxtəlif
istiqamətlərdə, o cümlədən hüquqi sahədə uğurla inkişaf edir.
Bu sözləri Gürcüstanın ədliyyə naziri Rati Breqadze azərbaycanlı
həmkarı Fikrət Məmmədovla görüşdən sonra jurnalistlərə
açıqlamasında söyləyib.
Onun sözlərinə görə, Fikrət Məmmədovun Gürcüstana bu səfərini və
görüşü ölkələr arasında olan xoş qonşuluq əlaqələrinin davamı kimi
qiymətləndirmək olar.
“Biz bu ilin martında, Bakıda ədliyyə nazirlikləri arasında
münasibətlərin gücləndirilməsinə xidmət edən memorandum
imzalamışıq. Bu gün sənədin əyani şəkildə həyata keçirilməsinə
başladıq və düşünürük ki, hüquq sahəsində olan bir çox şəxslərin
iştirakı ilə birgə forumlar təşkil edəcəyik. Bu bizə Gürcüstan və
Azərbaycan arasında ədliyyə orqanları arasında əlaqələrin daha da
inkişafına imkan yaradacaq”, – deyə R.Breqadze
vurğulayıb.
Nazir deyib ki, iki ölkə arasında hüquqi yardım üzrə bağlanmış
müqavilə və ədliyyənin müxtəlif sahələri üzrə imzalanmış ikitərəfli
sənədlər əsasında səmərəli qarşılıqlı fəaliyyət həyata
keçirilir.
Mənbə: Azertag.az