Faxralı kəndindən olan Ruslan Bayramov Ukraynanın müdafiəsi uğrunda gedən döyüşlərdə həlak olub
Əslən Bolnisi bələdiyyəsinin Faxralı kəndindən olan 1993-cü il təvəllüdlü Ruslan Bayramov Ukraynanın müdafiəsi uğrunda gedən döyüşlərdə həlak olub. O, Ukrayna vətəndaşı olub və Luqansk vilayətində yaşayırmış. Hal-hazırda Ruslan Bayramovun ailəsinin yaşadığı ərazilər Rusiya tərəfindən işğal edilib. Onun anası Lalə Bayramova “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, oğlu uşaqlıqdan hərbiçi olmaq istəyib.

“Arzuları barədə mənə heç nə deməmişdi. Ukraynada əsgərlikdə olmuşdu və o, əsgərlikdən sonra evə qayıtmışdı. Müharibə başlayanda sonra yenidən hərbiyə getdi. Evləndirmək istədik, yaxın qoymadı, evlənmədi. Həlak olanda mənə demədilər. Mənə sonradan dedilər. Ukraynada dəfn olunandan sonra bizə dedilər. İstəyərdim ki, öz torpağına gətirilsin. İndi müharibə gedir, indi qarışıqlıqdır. Necə olacaq, hələ bilmirəm. Kəşfiyyat bölməsində oxuyurdu. Həmişə yanımda olurdu. Orada anadan olmuşdu. Gitara çalırdı, kitablar toplayıb oxuyardı. Uşaqlıqdan istəyirdi ki, hərbiçi olsun. Mənim üç oğlum, bir qızım var. Biri indi yanımdadır. Bir övladım isə yoldaşımla birlikdə Ukraynadadır. Qızım da orada idi. Evləri dağıldı və Almaniyaya getdilər. Arzulayardım ki, müharibə tez bitsin və geri evimizə qayıdaq”, – Lalə Bayramova dedi.

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Bayramov könüllü olaraq döyüşlərə gedib. Müharibə dövründə 3 dəfə yaralansa da, təkrar döyüşlərə qayıdıb. O, 6 oktyabr tarixində Nikolayev rayonunun Ternovıy Pod rayonunda Rusiya qüvvələri ilə döyüşdə həlak olub.

Ruslan Bayramov Ukrayna Silahlı Qüvvələrinin 59-cu (OMBRr) radio-kəşfiyyat tağımının operatoru kimi xidmət edib. O, Haysinsk şəhərindəki qəbiristanlıqda hərbçilərin və yerli sakinlərin iştirakı ilə dəfn edilib.

Bayramovun yaxınları tərəfindən Faxralı kəndində 40 mərasimi də keçirilib. Hal-hazırda ailəsi Gürcüstandadır. O, Ukraynada ailəsi ilə birgə yaşayırmış.

Rusiya-Ukrayna müharibəsi başlayandan bu günə qədər 34 Gürcüstanlı dünyasını dəyişib.

"Marneuli" Radiosu
Print