Bakıda Marneulili rəssam Hacı Rizvan İsmayılın rəsm əsərlərindən ibarət sərgisi keçirilib (FOTO)
7 dekabr tarixində Bakıda Marneulili rəssam Hacı Rizvan İsmayılın rəsm əsərlərindən ibarət sərgisi keçirilib. Sərgidə İsmayılın 10-a yaxın tablosu nümayiş etdirilib və satılıb. Rizvan İsmayılın dostlarının təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın müxtəlif üslublarda yaratdığı əsərlər nümayiş etdirilib.

Təşkilatçılar tərəfindən verilən məlumata görə, Rizvan İsmayılın mart ayında daha böyük sərginin keçirilməsi planlaşdırılır.

Sərgi Bakı şəhərində yerləşən “Premium Park” oteldə baş tutub.

Qeyd edək ki, Rizvan İsmayılın yaratdığı əsərlər dünyanın bir çox ölkələrində sərgilənib. Rəssam iştirak etdiyi sərgilərdə xüsusi mükafatlarla təltif olunduğunu bildirdi. O, 2015-ci ildə Bakı şəhərində keçirilən “Dünya Rəssamlarının Beynəlxalq Sərgisi”-nə qatılaraq Gürcüstanı təmsil edib və “Türk xalqlarının dostluğu” ordeni ilə təltif olunub. Rusiyanın paytaxtı Moskvada “Ənənələr və Müasirlik” adlı beynəlxalq festivalda yaratdığı yeni üslubunu sərgi iştirakçılarına təqdim edib. Rəssam deyir ki, yaratdığı heykəltəraşlıq və memarlıqda istifadə olunan “Numerologizm” (Əbcədizm) üslubu tamaşaçılar və görkəmli rəssamlar tərəfindən böyük maraqla qarşılanıb. Hətta rəssamlıq sahəsində yeni fikir yaradığına görə mükafata layiq görülüb. O, 2016-cı ildə Parisdə beynəlxalq sərgidə iştirak edib. İsmayılov deyir ki, yaratmış olduğu yeni üslubu burada da böyük maraqla qarşılanıb. Rəssamın İstanbul və Tbilisi şəhərlərində də sərgiləri keçirilib. 2019-cu ildə rəssamın 50 illik yubileyi münasibəti ilə Bakıda fərdi sərgisi keçirilib. Sərgi zamanı rəssam “Yeni Azərbaycan Partiyasının”, “Azərbaycan Mədəniyyət Nazirliyinin” fəxri fərman və diplomlarına layiq görülüb.

Rizvan İsmayıla həmçinin Almaniyada yerləşən Avropa Təbii Elmlər Akademiyasının təsis etdiyi Azərbaycanın görkəmli rəssamı Sakit Məmmədov adına mükafat alıb.

2020-ci ilin iyul ayında isə o, UNESCO-nun Ümumdünya Rəssamlar İttifaqının üzvü seçilib.

Məlumat üçün qeyd edək ki, Rizvan İsmayılov Gürcüstan Rəssamlar İttifaqının, həmçinin Gürcüstan Rəssamlar Federasiyasının üzvüdür. O, eyni zamanda Azərbaycan Reklamçılar İttifaqının üzvü və Gürcüstan bürosunun rəhbəridir.

Rəssam “İdeal cəmiyyət”, “Özünəqayıdış”, “Müqəddəs”, “Rəqəmsal”, “Üç kitab”, “Sirli mağara”, “Yaşam tərzi”, “Dua anında”, “Fərqli düşüncə”, “Mehriban ailə”, “Həyatın rəngi”, “Yüksəliş”, “Yeni doğuluş”, “İnsan”, “Müqəddəs 40” və s. əsərlərin müəllifidir.

Print