İlia universitetində Marneuli də daxil olmaqla müxtəlif regionlardan olan gənclərin görüşü baş tutub
“Bilik və bacarıqların inkişafı üçün şəbəkələrin və platformaların gücləndirilməsi” layihəsi (LINKS) çərçivəsində „Gürcüstan Açıq Cəmiyyət Fondunun” nümayəndələri, Quriya, Acarıstan və Şida Kartli bölgələrində fəaliyyət göstərən “LINKS” mərkəzlərinin nümayəndələri və benefisiarları İlia Dövlət Universitetinin T korpusunu ziyarət ediblər.

Bu barədə məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı “Yeni Düşüncə İnstitutunun” təsisçilərindən Kamran Əfəndiyev verdi.

Onun sözlərinə görə, layihə çərçivəsində 7 dərsdən ibarət 1 aylıq kurs keçirilib. O, deyir ki, kompüter dərslərini müxtəlif regionlardan qatılan gənclərlə birlikdə onlayn yolla başa vurublar.

“Layihə 4 regionda davam edir. Həmin kursu uğurla başa vuran gəncləri Açıq Cəmiyyət fondunun nümayəndələri İliya Universitetinə dəvət etdilər. Universitetdə gənclərə sertifikatlar verildi. Ekskursiya keçirildi. Fərqli bölgələrdən gələn gənclər bir-birlərini tanıdılar”.

Əfəndiyevin sözlərinə görə, onlar tərəfindən görüşə 23 nəfər gənc qatılıb. Görüşün əsas məqsədi İlia Dövlət universitetində kompüter texnologiyaları ilə tanışlıq olub. Beləliklə təhsilini texnologiya üzrə davam etdirmək istəyən gənclərdə motivasiya yaratmaq olub.

Layihə Aİ-nin maddi dəstəyi ilə Gürcüstan BMT Assosiasiyası (UNAG) və (OSGF) Gürcüstan Açıq Cəmiyyət Fondu tərəfindən həyata keçirilir.

Layihənin yerli tərəfdaşları Yeni Düşüncə İnstitutu və Marneuli Demokrat Qadınlar Cəmiyyətidir.





Print Email
FaceBook Twitter Google