Marneulidə 8 saylı ictimai məktəbin müəlliminin rəsm əsərlərinin sərgisi keçirildi (FOTO)
Bu gün, 8 dekabr tarixində Marneuli Mədəniyyət Evində gənc rəssam Xəyalə Mustafayevanın kətan üzərində çəkmiş olduğu rəsm əsərlərinin sərgisi keçirildi. Rəsm çəkməyi özü-özünə öyrənən rəssam özündə yaradıcılıq bacarığını uşaq yaşlarından kəşf edib. Xəyalə Mustafayeva Marneuli şəhər 8 saylı ictimai məktəbində Tətbiqi və Təsviri İncəsənət müəllimi işləyir. Onun sözlərinə görə, ən böyük arzusu Şuşa şəhərində rəsm sərgisi keçirməkdir.

“Mənim şəkil çəkməyə həvəsim uşaq vaxtından var idi. Amma iki ildir ki, rəsm əsərlərimi kətan üzərində çəkirəm. Bu rəsmləri inkişaf etdirməkdə əsas rolu Azərbaycan səfirliyində təşkil olunan müsabiqə tudu. İki dəfə səfirlikdə təşkil olunan müsabiqəyə qoşuldum. Oradan iki dəfə diplom alandan sonra keçdim kətan üzərində rəsm çəkməyə. Ondan sonra kətan üzərində rəsmlər çəkirəm. Kətan üzərində təxminən 60-a yaxın rəsm çəkmişəm. Bu mənim ilk sərgim deyil. Bu mənim ikinci rəsm sərgimdir. İlk sərgimiz səfirliyin təşkilatçılığı ilə Axundov muzeyində baş tutmuşdu. İkinci sərgim isə Marneuli Mədəniyyət evindədir. Gələcək planlarımız var. İstəyirəm ki, Şuşada da sərgi keçirəm”, – Xəyalə Mustafayeva dedi.

Rəsm sərgisində Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, Marneuli meriyasının nümayəndələri, müəllimlər, gənclər və maraqlanan şəxslər iştirak edirdilər. Tədbir iştirakçıları Marneulidə bu cür sərgilərin tez-tez keçirilməsini istədiklərini dedilər. İştirakçılar Mustafayevanın çəkdiyi əsərləri çox bəyəndiklərini də qeyd etdilər.

“Sərgi çox xoşumuza gəldi. Mən istəyərdim ki, bu cür sərgilər tez-tez olsun. Sərgilər bizim tariximizdir. Əsas da ulu öndərin başdakı portreti bizi qürurlandırır. Burada digər millətlərin nümayəndələri də iştirak edir. Arzu edirəm ki, tez-tez bu cür tədbirlər keçirilsin”, – Mahir Sədiyev dedi.

“Xəyalə müəllimə bizim məktəbin şagirdi olub. Hal-hazırda bizim məktəbin müəlliməsidir. Sevimli şagirdimiz olub. Gözəl müəllimədir, gözəl rəssamdır. Gözəl əl qabiliyyəti var. Mən onun əl işlərini çox bəyənirəm. Bu yaxınlarda onun Tbilisi şəhərində möhtəşəm sərgisi oldu. Eşitdiyimizə görə, yaxın günlərdə Bakı şəhərində onun sərgisi olacaq. Bildiyimizə görə, səfirlik tərəfindən dəvət olunub. Yəqin ki, o sərgi də gözəl olar. Ona bu işində uğurlar arzu edirik. O, hər bir uğura layiqdir”, – Marneuli 8 saylı ictimai məktəbinin coğrafiya müəllimi Sona Yusifova dedi.

“Marneuli 2 saylı ictimai məktəbindən gəlmişik. Direktorun dəvəti ilə gəldik. Mən şəxsən bu sərgi haqqında bilmirdim. Ancaq çox maraqlanıram. Belə sərgilər tez-tez keçirilsə, lap yaxşı olar. Mühit çox yaxşıdır. Nəzərdən keçirdiyim rəsmlər də çox xoşuma gəldi. Favorit rəsmim də var. Bilmirəm, satılırmı, almağı çox istəyərdim. Bu adamın xüsusi bacarığı var. İstərdim ki, belə xüsusi bacarığı olan adamlara hamı dəstək olsun. Tez-tez belə sərgilər keçirilsin. Mənim məlumatım yox idi. Amma bundan sonra biləcəyəm ki, Marneulidə belə bacarıqlı adamlar var. Mənim üçün bu sərgini nəzərdən keçirmək böyük şərəf idi”, – Şalva Minadze dedi.

Qeyd edək ki, Xəyalə Mustafayeva ilk fərdi sərgisini Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində bir neçə ay əvvəl keçirib. Sərgidə onun rəsmlərini ilk dəfə satmaq imkanı da olub.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google