“Son bir neçə gündür ki, biz iyrənc siyasi bəyanatlar
eşidirik - biz heç kimə imkan verməyəcəyik ki, Tbilisidə Yeni il və
Milad şənliklərini qaranlıq, bəd niyyətlərlə məhv
etsin”, - Tbilisi meri Kaxa Kaladze paytaxt
hökumətinin dünənki iclasında deyib.
Kaladzenin sözlərinə görə, elə tarixlər var ki, onları xüsusi qeyd
etmək lazımdır.
“Təəssüf ki, son bir neçə gün ərzində biz iyrənc siyasi bəyanatlar
eşidirik, bunları müzakirə etməyəcəm, bircə şeyi deyə bilərəm - biz
heç kimə icazə verməyəcəyik ki, Gürcüstanda, Tbilisidə Yeni il və
Milad şənliklərini öz qaranlıq, pis niyyətləri ilə məhv etsinlər.
Heç kimə buna hüquq və imkan verilməyəcək. Yeni il və Milad
bayramları bu ölkədə yaşayan hər bir insanın səbirsizliklə
gözlədiyi bayramlardır”, - deyə Kaxa Kaladze
bildirib.
Onun sözlərinə görə, dekabrın 9-da Tbilisidə Yeni il
işıqlandırmaları və əsas yolka işıqlandırılacaq.
“Dekabrın 9-da, sabah axşam saat 20:00-da şəhər işıqlandırılacaq və
ölkənin əsas yolkasının işıqlandırılması tədbiri keçiriləcək. Mən
hər kəsi gəlib bu günün reallığında ən vacib şeylərdən biri olan
arzular və sülh haqqında birlikdə düşünməyə dəvət etmək istəyirəm.
Hər kəsə, bütün dünyaya sülh və əmin-amanlıq arzulayırıq. Yolka
işıqlandırıldıqdan sonra konsert keçiriləcək. Soyuq olduğu üçün
isti geyinək. Övladlarınızı, nəvələrinizi gətirin və gəlin, sizi
Rustaveli prospektində gözləyirik. Yeni il arzuları dəyişməzdir -
mehribanlıq, sevgi, həyat, həmrəylik və əlbəttə ki,
sülh”, - Kaladze bildirib.
___________________________________
Vətəndaşların bəziləri Tbilisinin yeni il şüarı olan “Sülh
şəhəri”nə etiraz edirlər. Aksiya dekabrın 9-a da elan edilib.
“Dekabrın 9-da, saat 20:00-da Azadlıq Meydanında,
sakrebulonun qarşısına toplaşacağıq və birlikdə görəcəyik ki,
meriyası müraciətə nə cavab verəcək – “Sülh şəhəri” yazısının
dəyişdirilməsi və ya ləğvi”, – təşkilatçılar
bildiriblər.