Namus və vicdan da yaxşı şeydir – Samirə Bayramovanın Marneuli meriyası qarşısında aksiya-performansı
Bu gün, 27 yanvar tarixində Marneulili mülki fəal və hüquq müdafiəçisi Samirə Bayramova Marneuli meriyası qarşısında aksiya-performans keçirib.

“Namus və vicdan da yaxşı şeydir”, – Bayramova bu cümlənin yazıldığı plakatı meriyanın qarşısına yapışdırıb və bildirib ki, Marneuli yerli özünüidarəsində qərarlar vətəndaşların iştirakı olmadan qəbul olunur.

“Marneuli bələdiyyəsi əhalinin fikrini ümumiyyətlə soruşmur və onlar həmişə ədalətsiz büdcə qəbul edirlər. Ədalətsiz büdcə nədir? Bu çoxluğun fikrinin, onların ehtiyaclarının nəzərə alınmadığı sənəddir. Belə məsələlərdən biri bizim məhkəmədə olan dini təşkilatların maliyyələşdirilməsi ilə bağlı olan işdir. Bu yalnız nümunələrdən biridir. Eləcə də biz görürük ki, kəndlərdə istər məktəblərdə, istər uşaq bağçalarında, zibil qablarının, daxili yolların, kənd təsərrüfatı baxımından nə qədər qeyri-bərabər yanaşma var. Marneuli meriyasının özü həmişə problem yaradır və bura onların ədalətsiz qərarlar qəbul etdiyi binadır. Burada ədalətsiz büdcə planlaşdırılır, əhaliyə etinasız yanaşılır, çoxluğun tələbləri nəzərə alınmır. Buna görə burada həmişə problem və etiraz baş verir”, – Samirə Bayramova bildirir.

Marneulili mülki fəalın açıqlamasına görə, meriyaya dəfələrlə verilmiş ərizə, yaxud petisiyaya baxmayaraq, yerli özünüidarə onların tələbini nəzərə almır.

“Onlar bilməlidirlər ki, bu ölkə hamınındır, Marneulinin büdcəsi xalqın büdcəsidir. Marneulinin rüşvətxor bələdiyyədir və onlara belə mesajım var ki, namus da yaxşı şeydir. Bəlkə ağıllanalar və xalqın pulunu yeməyələr”.

Samirə Bayramovanın sözlərinə görə, aksiya-performansın əsas məqsədi yerli özünüidarə nümayəndələrinə bələdiyyə büdcəsinin hansısa dövlət məmurlarının deyil, xalqın büdcəsi olduğunu xatırlatmaqdır.

Qeyd edək ki, Bayramova tərəfindən Marneuli meriyası qarşısına plakatın yapışdırılmasından bir neçə dəqiqə sonra meriya binasından bir kişi çıxıaraq plakatı çıxarıb və zibil qutusuna atıb.


Print Email
FaceBook Twitter Google