2023-cü ildə Marneulinin heç bir kəndində mini stadionun tikintisi planlaşdırılmır
Marneuli bələdiyyəsinin Daştəpə kəndində əhali stadionun tikilməsini tələb edir. Daştəpə ictimai məktəbinin gürcü dili ikinci dil kimi fənn müəllimi Natali Samxaradze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, kənddə mini stadionun tikilməsi tələbi ilə bələdiyyəyə 2022-ci ilin may ayında müraciət edib. Amma onun məktubuna reaksiya verilməyib.

“Bizim kənddə qızlar üçün futbol komandası var və onlar çox yarışlarda iştirak edirlər, mükafat yerləri də tutublar. Buna baxmayaraq, məktəbdə idman zalımız yoxdur. Heç həyətdə də stadion yoxdur, heç olmasa kənddə stadion olmasını istəyirik. Uşaqlar video müraciət də yazıblar ki, bəlkə kimsə bizə kömək etsin və kənddə stadion açılsın. Təxminən may ayında meriyanın elektron poçt ünvanına ərizə göndərdim. Amma cavab gəlməyib. Sonra, başqa məsələlərə görə, meriyaya gedəndə bu ərizənin taleyi barədə soruşdum, dedilər ki, bu ərizəni almayıblar. Bundan sonra orada ərizə yazdım və dəftərxanaya verdim. Ərizənin nömrəsini də götürdüm, amma hələ də cavab gəlməyib. İndi isə kəndə gedirəm və görürəm ki, kiçik park düzəldirlər. Bu da yaxşıdır, amma daha yaxşı olardı ki, stadion tikərdilər”, – Natali Samxaradze bildirdi.

Samxaradzenin sözlərinə görə, yaxın gələcəkdə mini stadionun tikilməsi tələbi ilə yenidən Marneuli meriyasına rəsmi məktubla müraciət etməyi planlaşdırır.

Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Şöbəsindən “Marneuli” radiosuna bildirdilər ki, 2023-cü ilin büdcəsində Daştəpə kəndində mini stadionun tikilməsi üçün pul nəzərdə tutulmayıb. Meriyadan onu da qeyd etdilər ki, 2023-cü il ərzində Marneuli miqyasında heç bir kənddə mini stadionun tikintisi planlaşdırılmır.

Print Email
FaceBook Twitter Google