Marneuli ərazisindəki 74 məktəbdən 19-da tibb otağı var
Marneuli bələdiyyəsi ərazisindəki 74 ictimai məktəbdən yalnız 19-da tibb otağı var.

Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri Əli Qəhrəmanov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, tibb otağı yeni bərpa edilmiş bütün məktəblərdə var.

“İndiki mərhələdə 19 məktəbdə tibb kabineti ayrılıb. Qalan məktəblərdə tibb otağının bərpası aparılır və yaxın gələcəkdə artıq yaradılacaq. Müvafiq olaraq, həkim və tibb bacısı işə qəbul olunacaq. Mərhələli şəkildə otaqların bərpası həyata keçirilir. Əgər 10-20 məktəbdə otağın bərpası başa çatarsa, sonra təhsil nazirinin sərəncamı veriləcək, daha sonra məktəb vakansiya elan edəcək”,
– Əli Qəhrəmanov bildirdi.

Marneuli Təhsil Resurs Mərkəzinin rəhbərinin sözlərinə görə, 19 məktəbdən 16-da hazırda həkim var. Qalan məktəblərdə isə vakansiyalar elan olunub. Marneuli 1 saylı ictimai məktəbində də həkim vəzifəsinə vakansiya elan edilib. Məktəb direktoru Keti Merabişvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, məktəbin keçmiş həkimi öz ərizəsi əsasında vəzifəsini tərk edib.

“İndiki mərhələdə məktəb həkimi vəzifəsinə vakansiya elan etmişəm. Məktəb həkimi, ilk növbədə pediatriya istiqamətində ali təhsilli və 1 illik iş təcrübəsi olmalıdır. İlkin yardım üçün nə lazımdırsa, məktəb bunların hamısı və tibb kabineti ilə təmin edilməlidir. Burada ilkin yardım, yüngül dərmanlar, ağrıkəsicilər də nəzərdə tutulur”,
– Keti Merabişvili bildirdi.

Marneuli 1 saylı ictimai məktəbi tərəfindən həkim vəzifəsinə qəbul bu gün, 1 fevral tarixində elan olunub. Məktəb direktorunun sözlərinə görə, elan 5 gün ərzində qüvvədə olacaq və sənədlərin qəbulu 6 fevralda başa çatacaq.


Print Email
FaceBook Twitter Google