Marneuli meri Kənan Ömərovun yaşadığı kənddə kənd toplantısı baş
tutmayıb.
Görüş Sabirkənd məktəb ərazisində saat 15:00-da keçirilməli idi.
Görüşə əhalinin az hissəsi gedib. Ümumi toplantı isə 200 imza qeydə
alındığı zaman baş tutmuç hesab olunur. Ancaq görüşdə 60-a yaxın
adam iştirak edib. Meriyanın Maliyyə-Büdcə Xidmətinin rəhbəri
səlahiyyətlərinin icraçısı Maia Naveriani “Marneuli” radiosu ilə
söhbəti zamanı bildirdi ki, Sabirkənddə yaxın gələcəkdə toplantı
yenidən keçiriləcək.
“Bu gün bizim qrup üç kənddə oldu. Algeti kəndində
əhali kifayət sayda toplaşmışdı, ancaq qadınlar az iştirak
edirdilər. Təzəkənddə əhali az toplaşmışdı və görüş baş tutmadı.
Sabirkənddə də baş tutmadı, ancaq ikinci görüşü keçirməyi
planlaşdırırıq və ümid edirəm ki, əhali gələcək. Daha çox
gözləntimiz var idi. Çünki dövlətin ayırdığı puldur, əhaliyə
hədiyyədir. Ola bilsin, böyük məbləğ deyil, amma vacib
layihələrdir. Kənddə nəyin ediləcəyinə kənd qərar verməlidir, buna
görə də daha çox sakinin iştirak edəcəyini gözləyirdik. Amma bu gün
az fəallıq göstərdilər”, – Maia Naveriani
bildirib.
Təzəkənddə təkrar toplantı 2 fevral, saat 11:00-a təyin olunub.
Algetidə 150 imza toplanıb və küçə işıqlarının quraşdırılmasını
dəstəkləyiblər.
Kəndə dəstək proqramı üçün 2023-cü ildə mərkəzi büdcədən 1 232 000
lari ayrılıb.
Pul kəndlərə əhalinin sayına əsasən bölünüb. Hər kəndə ən az 12
000, ən çox isə 20 000 lari ayrılıb.
Prioritetlərin seçilməsi məqsədi ilə əhali ilə görüşlər 1 fevraldan
15 fevrala qədər keçiriləcək.