"Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanda dəmir
barmaqlıqlar arxasında saxlanılan Ukrayna vətəndaşı Mixeil
Saakaşviliyə qarşı qeyri-insani rəftara kəskin etiraz
edir".
Bunu Ukrayna Xarici İşlər Nazirliyi yaydığı bəyanatda bildirib.
“Saakaşviliyə qarşı SSRİ NKVD-nin ən pis ənənələrindən olan
psixoloji və fiziki zorakılıq tətbiq edilir, onun təcili tibbi
yardıma ehtiyacı inkar edilir, Saakaşvilinin həyatına bilərəkdən
birbaşa təhlükə yaradılır. Ukrayna vətəndaşına qarşı insan
hüquqlarının kobud şəkildə pozulması Tbilisinin Aİ-yə üzvlüklə
bağlı elan etdiyi kursa ziddir və Gürcüstanda demokratiyanın
iflasından xəbər verir”, - bəyanatda qeyd olunub.
Ukrayna XİN Gürcüstan hakimiyyətini Saakaşvilini Ukraynaya təhvil
verməyə çağırıb:
“Siyasi qisas üçün insanın həyatı ilə
oynamayın! Biz həmçinin xarici hökumətlərə və beynəlxalq
təşkilatlara müraciət edirik ki, Gürcüstan hakimiyyətinin siyasi
repressiyası nəticəsində həyatı təhlükədə olan Ukrayna vətəndaşını,
Gürcüstanın keçmiş prezidentini açıq müdafiə
etsinlər", - Ukrayna XİN-in bəyanatında
vurğulanır.