Gürcüstandan Rusiya sərhədinə qədər olan beynəlxalq avtomobil magistralının tikintisi sürətləndirilib
Gürcüstan hökuməti Böyük İpək yolunun tərkib hissəsi olan Cənub-Qərb avtomobil magistralının tikintisini davam etdirir.

Hazırda Tbilisidən Qudauriyə gedən yolda inşaat işləri sürətlə davam edir. Yolun 2024-cü ildə təhvil verilməsi nəzərdə tutulub.

Bildirilib ki, layihə üzrə Kveşeti-Kobi yolu istifadəyə verildikdən sonra Tbilisidən Stepantsmindaya (Gürcüstan-Rusiya sərhədi) qədər yolu 1 saat 45 dəqiqəyə qət etmək mümkün olacaq.

Bu yol, həmçinin hazırda mövcud olan Mtsxeta-Stepandsminda-Lars yolundakı sürüşmə və digər təhlükələrdən yayınmağa imkan verəcək. Bu yol qış mövsümündə sürüşmə, uçqun və digər səbəblərdən tez-tez bağlanır və beynəlxalq yükdaşımalarda ciddi ləngimələr yaranır.

Ümumi uzunluğu 23 kilometr olan Kveşeti-Kobi yolu ikizolaqlı beton və asfalt örtüklü olacaq. Yol üzərində 5 körpü və 5 tunel inşa ediləcək.

Ən çətin olan tunel - 9 kilometr uzunluğunda və 15 metr enində - Tskere kəndindən Kobi kəndinə qədər olan Xaç aşırımının altında qazılır. Hazırda tunelin 5 km-i tamamlanıb.

Bildirilir ki, layihənin ümumi dəyəri 1,2 milyard laridir. Layihə Asiya İnkişaf Bankı və Avropa İnkişaf və Yenidənqurma Bankı tərəfindən maliyyələşdirilir.

Departamentdən o da bildirilir ki, E 60 magistralının bir hissəsi olan yolun bu hissəsinin tikintisi başa çatdıqdan sonra beynəlxalq yükdaşımalarının, eləcə də sərnişin daşınmasının həcmi və sayı əsaslı dərəcədə artacaq.

Gürcüstan hökuməti magistralın Türkiyə sərhədinə qədər olan hissəsində də tikinti işlərini davam etdirir.

Qeyd edək ki, bu yol üzrə də tikinti işləri başa çatdıqdan sonra Azərbaycan sərhədindən Türkiyənin Sarp sərhəd keçid məntəqəsinə qədər olan yolu 3 saata qət etmək mümkün olacaq.
Mənbə: Azertag.az
Print Email
FaceBook Twitter Google