Qaribaşvili: Gürcüstan islahatçı ölkə kimi Avropa İttifaqına namizəd statusuna layiqdir
Gürcüstanın baş naziri İrakli Qaribaşvili “Twitter” səhifəsində Gürcüstanın Avropa İttifaqına üzv olmağa hazır olması, ölkənin qanunvericilik səviyyəsində öz öhdəliklərini nə dərəcədə yerinə yetirə biləcəyi ilə bağlı Avropa Komissiyasının hazırladığı analitik hesabata münasibət bildirib.

İrakli Qaribaşvilinin sözlərinə görə, Avropa Komissiyasının hesabatı göstərir ki, Gürcüstan ilk islahatçı ölkə kimi Aİ üzvlüyünə namizəd ölkə statusu almağa layiqdir.

“Avropa Komissiyası Gürcüstanın milli hüquqi bazasının Avropa İttifaqının qanunvericiliyinə uyğunluğu ilə bağlı analitik hesabat dərc edib. Sənəd ölkəmizin Avropaya inteqrasiya yolunda əldə etdiyi irəliləyişi aydın şəkildə əks etdirir və bir daha açıq şəkildə göstərir ki, Gürcüstan birinci islahatçı ölkə kimi Avropa İttifaqına namizəd ölkə statusuna layiqdir”,
- İrakli Qaribaşvili Twitter-də yazıb.

Avropa Komissiyası Gürcüstanın Aİ-yə üzvlük ərizəsi ilə bağlı analitik hesabat dərc edib və ölkənin qanunvericilik səviyyəsində öz öhdəliklərini nə dərəcədə yerinə yetirə bilməsini qiymətləndirib. Hesabat 2022-ci ilin aprelində Gürcüstana göndərilmiş sorğu vərəqələrinə verilən cavablara əsaslanır və faktiki olaraq bütün sahələri əhatə edir.

Avropa Komissiyasının qiymətləndirməsinə görə, Gürcüstanda ədalət, azadlıq və təhlükəsizlik sahəsində öhdəliklərin yerinə yetirilməsi üçün müəyyən hazırlıq səviyyəsi var. Ölkənin, xüsusən də terrorizm və miqrasiya ilə mübarizə üçün bir neçə strategiyası var. Bəzi sahələrdə, xüsusən də əcnəbilər və sığınacaqla bağlı qanunvericilik əsasən Aİ qanunvericiliyinə uyğundur, lakin institusional əməkdaşlıq və koordinasiya zəifdir və nəticədə icra bəzən qənaətbəxş deyil.
Mənbə: radiotavisupleba.ge

Print