Parlament fəaliyyətimizi dayandırırıq, gündəlik etirazlar başlayacaq - Xabeişvili
"Milli Hərəkatın" sədri Levan Xabeişvili bildirib ki, bu gündən partiya parlament fəaliyyətini dayandırır və gündəlik etiraz rejiminə keçir.

Şəhər Məhkəməsinin qərarından sonra VMH-da partiyanın gələcək planları ilə bağlı xüsusi brifinq təyin olunub.

Xabeişvili həmin brifinqdə partiyanın rayon təşkilatlarını və fraksiya üzvlərini Tbilisiyə gəlməyə çağırıb - "Çünki əsas etiraz mərkəzi paytaxtda olacaq".

Onun sözlərinə görə, "Gürcü Arzusunun" yüksək vəzifəli şəxslərinə "bu gündən rahatlıq olmayacaq və brifinqdən sonra bunu ilk Baş nazir Qaribaşvili hiss edəcək".

"Milli Hərəkat parlament həyatında iştirak etməyi planlaşdırmır. Biz həmçinin, beynəlxalq tərəfdaşlarımızla, səfirlərlə görüşməyi düşünürük. Bununla bağlı ünsiyyətə artıq başlamışıq. Onlar prezident Saakaşvilinin həyatını qorumaq üçün rus arzusuna, rejiminə təzyiqləri gücləndirməlidirlər.

Eləcə də bu gün, indi, brifinqi başa vurduqdn sonra konkret fəallıqlarımız olacaq və bu hər gün davam etdiriləcək. Sizin tapdaladığınız, Avropalı gələcəyini öldürdüyünüz adamlar hər yerdə qarşınıza çıxacaqlar"


Xabeişvili bildirib ki, VMH heç bir müzakirədə iştirak etməyi planlaşdırmır. Beynəlxalq tərəfdaşlarla ünsiyyətə isə ona görə başlayırlar ki:

"Biz Parlament fəaliyyətimizi dayandırırıq və onlar yaxşı bilməlidirlər ki, sadəcə belə etməyə məcburuq. Çünki prezident Saakaşvilinin sağlamlığı və həyatı risk altındadır. Gündəlik etirazlar "Gürcü Arzusuna", "Bidzina İvanişviliyə" cavab olacaq" - Xabeişvili bildirib.

Tbilisi Şəhər Məhkəməsinin hakimi Qiorqi Arevadzenin qərarına əsasən, Mixeil Saakaşvili həbsdə qalır. Hakim Saakaşvilinin cəzasının təxirə salınması ilə bağlı vəsatəti təmin etməyib.

Partiya üzvləri qərardan sonra VMH-ın baş ofisinə toplaşıblar. Həmçinin, Nika Melia da oraya gedib.

Mənbə: Netgazeti
Print