Moskva və Tehran Rusiyada dron zavodu tikməyi planlaşdırır
Rusiya və İran Rusiya ərazisində İran layihələri üzrə dronlar istehsal edəcək müəssisə yaratmağı planlaşdırırlar.

Rusiya hazırda Ukraynanın infrastruktur obyektlərinə məhz İran istehsalı olan dronlarla zərbələr endirir.

The Wall Street Journal qəzeti öz mənbələrinə istinadən yazır ki, yanvarın 5-də İran nümayəndə heyəti Tatarıstanın Yelabuqa şəhərində olub.

Numayəndə heyəti gələcək zavodun tikiləcəyi boş əraziyə baş çəkib.

Plana görə burada ildə 6 mindən az olmayaraq dron istehsal olunacaq.

İki ölkə habelə daha sürətli dronların istehsal edilməsini planlaşdırırlar. Bundan məqsəd Ukraynanın getdikcə güclənən hava hücumundan müdafiə sisteminin yarılmasıdır. Çünki son vaxtlar Ukrayna hərbçiləri İran dronlarının demək olar hamısını vura bilirlər.

İki ölkə arasında razılaşdırılmış layihənin dəyəri təxminən 1 milyard dollar olacaq.

Rusiyaya İrandan kimlər gəlib

Qəzet yazır ki, İran nümayəndə heyətinə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) aerokosmik qüvvələrinin komandanlığına daxil olan briqada generalı Abdulla Mehrabi və Quds Aviation Industry şirkətinin icraçı direktoru Qasım Dəmavəndian başçılıq edirlər.

ABŞ-ın məlumatına görə bu şirkət İran dronlarının istehsalında əsas rol oynayır.

Rusiya və İran tərəfi The Wall Street Journal qəzetinin sorğusuna cavab verməyiblər.

Ötən ilin dekabrında ABŞ prezidenti Co Baydenin (Joe Biden) administrasiyası xəbərdarlıq etmişdi ki, Moskva və Tehran Rusiyada dron istehsalı üçün müştərək şirkət yaratmaq məsələsini nəzərdən keçirirlər.


Yanvar ayında ABŞ-ın Ticarət Nazirliyi İranın dron və onun komponentlərinin hazırlanması ilə bağlı İran aviasiya sənayesinin və İİKK-in 7 şirkətinə ixrac məhdudiyyətləri qoyub. Bunların arasında aviasiya sənayesi, PUA-ların və onların komponentlərinin işlənməsi və istehsalı ilə bağlı müəssisələr var.

Əvvəlki sanksiyalar

Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Shahed Aviation Industries Research Center, Paravar, Design and Manufacturing of Aircraft Engines və Baharestan Kish, habelə Success Aviation Services FZC və iJet Global DMCC şirkətlərinin üzərinə sanksiyalar qoymuşdu.

ABŞ rəsmiləri bildirirlər ki, dronların Rusiyaya çatdırılmasını bu şirkətlər təmin edib.

Bundan başqa Qods Aviation Industries (QAI) şirkətinin rəhbərliyini və direktorlar şurasını təmsil edən 6 nəfərin adı sanksiyalar siyahısına salınıb.

Rusiya İran silahlarından istifadə ittihamlarını rəsmən rədd etsə də Müdafiə Nazirliyi yanında İctimai Şuranın nümayəndəsi RBC telekanalındakı canlı yayımda bunu etiraf edib. O, bunu deyəndə həmin anda mikrofonun söndürüldüyünü zənn edib.

Tehran isə bu xəbərləri nəhayət təsdiqləyərək bildirib ki, İran “az sayda” PUA-nı Rusiyaya Ukraynaya hücumundan aylar əvvəl çatdırıb.

Ukrayna hərbiyyəsi İran dronlarının böyük əksəriyyətini vurduğunu bəyan edir.
Print Email
Tags: Dron İran Rusiya
FaceBook Twitter Google