Gürcüstan Prezidenti Salome Zurabişvili sabiq prezident Mixeil
Saakaşvilinin həbsdə saxlanılması ilə bağlı məhkəmə qərarına
münasibət bildirib.
Salome Zurabişvilinin yayadığı bəyanatda gürcü xalqının bu
məsələnin girovuna çevrildiyi, ölkənin imicinin misli görünməmiş
şəkildə zədələndiyi və Gürcüstanın öz tərəfdaşları ilə əlaqələrinin
düzgün istiqamətdə inkişafına mane olduğu qeyd edilib.
Salome Zurabişvili problemin eyni zamanda Gürcüstanın Avropa
İttifaqı (Aİ) üzvlüyünə namizəd statusu alması üçün Avropa
Komissiyasının 12 tövsiyəsi üzərində işləməsinə mane olduğunu da
qeyd edib:
“Ölkə bu məsələnin girovuna çevrilib. Bu gün
bizim üçün heç bir digər vacib məsələ ictimai səviyyədə müzairə
edilmir. Nə əksəriyyəti gənclər olmaqla iş gücünün ölkədən axını,
nə də Rusiyadan (Gürcüstana) kütləvi axın və bunun mümkün
təhdidlərinin qarşısının alınması ilə bağlı hökumət tərəfindən
zəruri strategiya hazırlanmır”.
Zurabişvili əlavə edib ki, hazırda ölkə əhalisinin böyük
əksəriyyətinin Gürcüstanın Rusiyanın orbitinə qayıtması ilə bağlı
sualları var.
“Ölkənin reputasiyası zədələnib, inam sarsılıb, bizim yeni geosiasi
kontekstdə yerimiz qeyri-müəyyən olub. Əgər Rusiya bizim ənənəvi
tərəfdaşlarımızın dəstəyini itirdiyimizə inanarsa, bu bizim üçün
daha təhlükəli ola bilər”, - deyə bəyanatda qeyd
olunub.
Salome Zurabişvili bu vəziyyətin hakim “Gürcü Arzusu” partiyası və
müxalifətin birgə səyləri nəticəsində yarandığını vurğulayıb. O,
hökumətin ritorikasının, inadçı qərarlarının və Rusiyaya qarşı
anlaşılmaz yumşaq mövqeyinin - Rusiyanı qeyd edərkən son dərəcə
ehtiyyatlı olması, Rusiyaya qarşı sanksiyaların tətbiq edilməyəcəyi
ilə bağlı ritorikası və birbaşa uçuşların bərpa edilməsi ilə bağlı
müsbət dəyərləndirmələrinin Gürcüstanın ukraynalılara və öz
tərəfdaşlarına qarşı davranışları ilə ziddiyyət təşkil etdiyini
vurğulayıb.
Prezident əlavə edib ki, ölkə rəsmiləri Gürcüstanın Avropa yolu və
12 tövsiyənin yerinə yetirilməsi məsələlərini praktiki olaraq
siyasi gündəlikdən çıxarmağı bacarıb.
Zurabişvili Saakaşvilinin azadlığa çıxması üçün əfv sərəncamının
kifayət etmədiyini, ona qarşı daha 3 iş üzrə ittiham irəli
sürüldüyünü xatırladıb.
Zurabişvili hökumət tərəfindən məsələyə hüquqi və insani həll
tapılmalı olduğunu, müxalifət tərəfindən isə Saakaşvilinin öz
cinayətlərini etiraf etməli olduğunu, siyasəti tərk edərək ölkəni
və müxalifəti girovluqdan azad etməli olduğunu vurğuayıb.
“Bu məsələ gürcü siyasi məkanından çıxarılmalıdır və ölkəyə nəfəs
alması, yaşaması, inkişaf etməsi və Aİ namizədi statusunu qəbul
etməsi üçün imkan verilməlidir. ”