Qiorqi Amilaxvari təhsil naziri vəzifəsində Mixeil Çxenkelini əvəz edəcək
Qiorqi Amilaxvari Gürcüstanın təhsil naziri vəzifəsində Mixeil Çxenkelini əvəz edəcək.

Qiorqi Amilaxvari bir neçə dəqiqə əvvəl Gürcüstanın baş naziri İrakli Qaribaşvili tərəfindən təhsil və elm naziri vəzifəsinə irəli sürülüb.

“Cənab Qiorqi Amilaxvari çox uğurlu insandır. Sizə demək istəyirəm ki, onun çox yaxşı, layiqli təhsili var. Amerika Birləşmiş Ştatlarında, sonra Almaniyada təhsil alıb. Burada qeyd etmək istərdim ki, cənab Qiorqinin uğurlu iş təcrübəsi var, o, çox uğurlu universitetlərdən birinin yaradıcısıdır. Onun rektorluğu dövründə bu universitet bir çox uğurlara imza atıb. Bu, gənc motivasiyalı insanın müasir, Avropa, qərb keyfiyyətli universiteti necə yaratmalı olduğuna dair həqiqətən gözəl nümunələrdən biridir. Cənab Qiorqi belə bir universitetin yaradıcısıdır.

Onu da qeyd etmək istərdim ki, cənab Qiorqi indiyədək parlamentin Təhsil və Elm Komitəsinə uğurla rəhbərlik edib. Cənab Qiorqi illərdir təhsil sahəsi ilə məşğuldur. O, ümumilikdə təhsilin bütün pillələrindəki vəziyyəti, hələ də təhsil sistemində qalan problemləri çox yaxşı bilir və mən əminəm ki, cənab Qiorqi uğurlu təhsil və elm naziri olacaq. Biz son iki ildə təhsil məsələlərindən çox danışmışıq. O, hələ də mövcud problemləri necə həll edəcəyini çox gözəl bilir və mən hesab edirəm ki, cənab Qiorqi uğurlu nazir olacaq.

Eyni zamanda onu da deyim ki, Qiorqi Amilaxvari çoxlu elmi əsərlər çap etdirib. Monoqrafiya gürcü və ingilis dillərində. Eyni zamanda elmi fəaliyyətlə də məşğul olub.

Bizə yaxşı menecerlər, sahə menecerləri lazımdır.

Mən bir daha Qiorqi Amilaxvariyə uğurlar arzulamaq və keçmiş nazirimiz Mixeil Çxenkeliyə təşəkkür etmək istəyirəm”,
- Qaribaşvili bildirib.

Məlumat üçün bildirək ki, Qiorqi Amilaxvari indiyədək Parlamentin Təhsil və Elm Komitəsinin sədri vəzifəsini tutub, Mixeil Çxenkeli isə 2019-cu ilin noyabrında təhsil və elm naziri vəzifəsinə təyin edilib.

Onu da qeyd edək ki, Mixeil Çxenkeli bundan əvvəl, 2017-ci ildə təhsil naziri postunu cəmi 8 ay tutmuşdu.


Print Email
FaceBook Twitter Google