Ramazan ayı nə zaman başlayır – “BGMİ”-dən AÇIQLAMA
“Ramazan ayının başlamasının dəqiq vaxtı ayın görünməsindən sonra məlum olacaq”, – bu sözləri “Marneuli” radiosu ilə söhbəti zamanı Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov dedi. Onun sözlərinə görə, bu il Ramazan ayının ilk gününün martın 23-nə təsadüf edəcəyi ehtimal olunur.

“Öncəliklə bütün müsəlmanları qarşıdan gələn rəhmət, bərəkət və məğfirət ayı münasibəti ilə təbrik edirik. Allahdan bu ayda tutacağınız orucların, edəcəyiniz dua və ibadətlərin ali dərəcədə qəbul olmasını diləyirəm. Bu il təqvimə görə, Ramazan ayının ilk günü mart ayının 23-nə təsadüf edir. Həmin gündən oruc olmamız lazımdır. Ancaq hər il də qeyd etdiyimiz kimi, Ramazan ayının dəqiq vaxtı yeni ayın görünməsindən sonra məlum olacaq”, – Ramin İgidov dedi.

Şeyx kimlərin oruc tuta biləcəyindən də danışdı. O, bildirdi ki, hər bir müsəlman oruc tutmalıdır.

“Ağıllı, yetkinlik çağına çatmış və oruc tutmasına xəstəlik və s. kimi üzrlü səbəblərdən bir maneə olmayan hər müsəlmanın Ramazan ayının orucunu tutması vacibdir”.

İgidovun sözlərinə görə, Allah Qurani Kərimdə bütöv Ramazan ayının günlərində oruc tutmağı tapşırıb. Buna görə də, hər kəs bu ay oruc tutmalıdır.

“Allah Qurani Kərimdə bütöv Ramazan ayının günlərində oruc tutmağı tapşırıb. Necə ki, Qurani Kərimdə oxuyuruq: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran Quran Ramazan ayında nazil edilmişdir. Bu aya yetişən şəxslər bu ayı oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar...” (Bəqərə, 185) Ramazan ayının hər gününün orucu boynumuzun borcudur. Ona görə də hər gün oruc olmalıyıq. Əgər bir nəfər yalnız müəyyən günlərində oruc tuta bilirsə, yalnız həmin günlərə görə Allahın əmrini yerinə yetirmiş sayılır. Bu halda tutmadığı günlərə görə günah etmiş olar”.

Din xadimi oruc halında riayət olunacaq vacib əməllərlə bağlı suala da aydınlıq gətirdi və o, bildirdi ki, haram buyurulan bütün hər şeydən uzaq olmaq lazımdır.

“Oruc halında gərək tək şəriətdə qeyd olunan (sübh azanından məğrib azanınadək) yemək, içmək kimi orucu pozan əməllərdən uzaq olmaqla kifayətlənməyək. Orucumuzun daha dəyərli və fəzilətli olması üçün qulağımızın, gözümüzün, qəlbimizin və bir sözlə, bütün bədən üzvlərimizin də oruc olması, günahdan, haramdan uzaq olması lazımdır. Bu ayda çox dua etmək, ibadətdə olmaqla yanaşı xeyirxah işlər də görməliyik. Kasıb və yoxsullara yardım etmək, sədəqə vermək, iftar təşkil etmək dinimizdə tövsiyə olunan əməllərdəndir”.

Hacı Ramin İgidov oruc tuta bilməyən insanlara məsləhət gördü ki, Ramazan ayında dua və ibadət əməllərini yerinə yetirsinlər. Bu əməllər həmin insanlara savab qazandıra bilər.

“Əgər insan qocalıq və ya xəstəlik səbəbindən Ramazan orucunu tuta bilmirsə. Ramazan ayının tövsiyə olunan digər dua və ibadət əməllərini yerinə yetirsin. Allahdan istiğfar edib bağışlanma diləsin, Quran oxusun. Yaxşı olar ki, yoxsula iftar və sədəqə vermək kimi xeyirxah işlər görsün. Həmçinin qocalıq və daimi xəstəlik səbəbindən oruc tuta bilməyən kəs hər günün qarşılığında yoxsula fidyə verməlidir”.

Müsəlmanlara o da tövsiyə olunur ki, ehtiyata görə bir gün öncədən oruc tutmağa başlasınlar.

İslam dinində Ramazan ayı ən şəfqətli və ən müqəddəs aylardan biri hesab edilir. Onu “on bir ayın sultanı” da adlandırırlar. Orucluq öz tarixini hicrətin ikinci ilində Məhəmməd peyğəmbər tərəfindən Mədinədə bu məqsəd üçün Ramazan ayı təyin olunandan başlayır. Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Quran nazil olmuşdur. Deyilənə görə, bu həmin ayın son 10 gecəsində baş vermişdir. Bu gecə “Leylət al-Qədr” – qiymətli, qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqda belə yazılır: “Qədr gecəsi min aydan daha xeyirlidir! O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər. O gecə dan yeri sökülənə kimi salamatlıqdır!”

Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (miladi 622-ci il) ilində təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevməyi öyrədir, onlara öz iradələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları təmiz vicdanlı olmağa yönəldir və bu da oruc tutmaqla ifadə olunur. Oruc ramazan ayında tutulduğu üçün ona “Ramazan orucu” da deyirlər.

"Marneuli" Radiosu
Print