Marneuli yerli özünüidarəsi Novruz bayramı ilə əlaqədar tədbirlərin
qrafikini yayımlayıb.
Marneuli meriyası bayramı sabah, 21 mart tarixində, saat 11:00-dan
qeyd etməyə başlayacaq.
Tədbir Marneuli meriyası yaxınlığında, Mədəniyyət Mərkəzinin
qarşısındakı parkda keçiriləcək.
“Saat 11:00- tədbir çərçivəsində sərgi pavilyonları
qurulacaq: yerli rəssamların rəsmləri, əl işləri, qənnadı
məmulatları, çiçəklərin sərgi-satışı, azərbaycan etno-guşəsində
azərbaycan teatrının aktyorları tərəfindən kiçik səhnəcik
göstəriləcək, Azərbaycan kulinariyası masterklassı (ənənəvi
yeməklər, şirniyyat, çay) keçiriləcək”, – meriyanın
məlumatında qeyd olunub.
Yerli özünüidarə Novruz bayramına məxsus simvollardan biri olan
tonqalı saat 11:30-da yandıracaq.
Mədəni tədbirlərlə yanaşı Novruz bayramı üçün müxtəlif idman
tədbirləri də keçiriləcək.
“Bayram proqramı çərçivəsində gürcü güləşi və qol
güləşi, oxçuluq üzrə idman tədbirləri keçiriləcək. Qaliblərə medal
və xüsusi mükafatlar veriləcək”.
Marneuli meriyasının açıqlamasına görə, bu il Novruz bayramı qala
konsertlə qeyd olunmayacaq. Meriya Türkiyədə baş vermiş təbii
fəlakətlə əlaqədar formatı dəyişməyə qərar verib.