Qaribaşvili Rusiya qanunlarının qəbuluna qarşı keçirilən aksiyaların “beşinci kolon” tərəfindən təşkil olunduğunu deyib
Gürcüstanın baş naziri İrakli Qaribaşvili 7-8 mart mitinqinin iştirakçılarını gözdən salmaqda davam edir. O, bu dəfə parlamentin tribunasından Rusiya qanunlarına etiraz edənləri “beşinci kolonun rəhbərlik etdiyi ekstremist, radikal və anarxist qüvvələr” adlandırıb.

Baş nazirin sözlərinə görə, “zorakılıq aksiyalarının təşkilində bilavasitə beşinci kolon və onun nəzarətində olan gənclər təşkilatları, o cümlədən Milli Hərəkat və “Qirçi – Daha Çox Azadlıq” gənclər təşkilatları və “Franklin Club” iştirak edib":

“Ölkəmizin daxilində fəaliyyət göstərən dağıdıcı qüvvələrin, daxili düşmənlərin beşinci kolonunun və onlara müttəfiq olan xarici qüvvələrin vəzifəsi hakimiyyəti dəyişmək, burada inqilab təşkil etmək idi. Son cəhd, xatırladaq ki, indi bir neçə həftə əvvəl, martın 7-8-də beşinci kolon və onların nəzarətində olan ekstremist radikal anarxist qüvvələr, onların gənclər təşkilatları olan Milli Hərəkat, Qirçi – daha çox azadlıq, Franklin Club anarxist hərəkatları zorakılıq aksiyalarının təşkilində iştirak edirdi.

Onların polisə hücum cəhdlərini xatırlayırsınız, atılan molotof kokteyli, polisə daş atılan və s. Bu, zorakı hərəkət idi, hökumət bunu öz müdrikliyi və gücü ilə dəf etdi və hər kəsə öz yerini verdi”,
- İrakli Qaribaşvili deyir.

Qaribaşvili çıxışında Avropa Parlamentinin deputatlarını da xatırladıb və bildirib ki, onun hesablamalarına görə, Tbilisidə “zorakı qruplar polisə hücum edərkən” onlardan “indi rejimi devirmək və dəyişmək vaxtıdır” çağırışları gəlib:

“Həmçinin, mən sizə Avropa Parlamentinin bəzi üzvlərinin ümidverici bəyanatlarını xatırladıram. Zorakı qruplar polisə hücum edərkən, molotov kokteyli, daş atarkən biz Avropa Parlamentinin bəzi deputatlarından birbaşa çağırışlar eşitdik ki, indi bu rejimi devirmək vaxtıdır və s.

Bu plan, təbii ki, iflasa uğradı və ölkəmizin düşmənləri yenidən məğlub oldular. Sonda sizə demək istərdim ki, əsas problem ölkəmizin daxilində sabitliyi qorumaq, sülhü qorumaq və burada heç bir qarşıdurma və müharibəyə imkan verməməkdir”,
- İrakli Qaribaşvili deyib.

Cari ilin martında Gürcüstan hökuməti mülki sektorun və medianın böyük hissəsinin “xarici agent” kimi qeydiyyata alınmasını nəzərdə tutan Rusiya qanunu qəbul etməyi planlaşdırırdı. Qərb tərəfdaşları hakimiyyətə açıq şəkildə xəbərdarlıq etdilər ki, bu qanun qəbul olunarsa, Gürcüstan Aİ üzvlüyünə namizəd statusunu və ümumiyyətlə, Avropa perspektivini itirəcək.

Kütləvi ictimai etirazlar nəticəsində hökumət geri çəkildi və indiki mərhələdə qanunu qəbul etməkdən imtina etdi.
Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google