Marneulinin Nəzarət Xidmətinin səlahiyyətlərində dəyişiklik edilir
Marenuli bələdiyyəsinin Nəzarət Xidməti qayda pozuntularına yerində cərimə qəbzi yaza biləcək. İndiyə qədər həmin prosedur məhkəmə yolu ilə olurdu, indi isə bu öhdəlik bələdiyyənin Nəzarət Xidmətinə verilib. Bu barədə Bələdiyyə Məclisinin 23 mart tarixində keçirilən iclasında məlum olub.

Məsələni Hüquqi Məsələlər və İnsan Resurslarının İdarə Edilməsi Şöbəsinin rəhbəri səlahiyyətlərini icra edən Beka Qavaşeli müzakirəyə çıxarıb. O, bildirib ki, pozuntulardan biri kimi torpağın icazəsiz mənimsənilməsi ola bilər.

“İnzibati Xətalar Məcəlləsində bəzi dəyişikliklər edilib. Eləcə də 1 aprel tarixindən müəyyən dəyişikliklər edilməsi planlaşdırılır. Həmin sərəncam layihəsi ilə Nəzarət Xidmətinin səlahiyyətlərinə dəyişikliklər ediləcək, konkret olaraq isə qayda pozuntusu protokolu tərtib edildiyi halda, konkret maddələrlə bağlı protokol məhkəməyə göndərilirdi. Məhkəmə həmin protkolla cərimə təyin edirdi. İndiki dəyişikliyə əsasən, Nəzarət Xidmətinin birbaşa cərimə yazmaq imkanı olacaq. Yerində qayda pozuntusunu müəyyən edəcəklər və məhkəməyə müraciət etməyə ehtiyac olmayacaq. Eləcə də məhkəmədə qayda pozuntusu işi müzakirə olunurdu, təyin edilmiş cərimə dövlət xəzinəsinə köçürülürdü. Dəyişiklik bunun üçün də əhəmiyyətlidir. İndiki halda, birbaşa Nəzarət Xidmətinin mütəxəssisləri qaydanı pozan şəxsə cərimə yazacaqlar, bu bələdiyyənin büdcəsinə köçürüləcək. Məsələn, dövlət torpağını icazəsiz tutmaq üçün qayda pozuntusu protokolu tərtib edilirdi, indiki halda, cəriməni birbaşa Nəzarət Xidməti yazacaq”, - Beka Qavaşeli bildirib.

Qavaşelinin sözlərinə görə, icazəsiz tikintililərə də nəzarət ciddiləşdirilir.

Bələdiyyə Məclisinin 23 mart tarixində baş tutmuş iclasında 11 məsələ müzakirəyə çıxarılıb və bu məsələlərlə bağlı müsbət qərar qəbul olunub.

Print