Azərbaycanın dövlət şirkəti SOCAR Qazaxıstan neftinin
Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə tranzitinə başlayıb.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi məlumata görə, bu
barədə SOCAR Midstream Operations törəmə şirkətinin məlumatında
deyilir.
Şirkətdən verilən məlumata görə, BTC üçün hasil edilən Tengiz
yatağı neftinin ilk partiyası martın 23-də “Prezident Heydər
Əliyev” tankeri ilə Aktau limanından Bakı Səngəçal terminalına
daşınıb.
Qazaxıstan neftinin BTC ilə nəqli ildə 1,5 milyon ton neftin
tranzitini nəzərdə tutan SOCAR və “Kazmunayqaz” arasında imzalanmış
saziş çərçivəsində həyata keçirilir.
“SOCAR Midstream Operations” şirkətinin məlumatına görə, Qazaxıstan
neftinin növbəti partiyası martın 27-də “Şuşa” tankeri ilə Aktau
limanından Bakıya göndəriləcək. Bəyanatda o da bildirilir ki,
“2023-cü ilin sonuna qədər Qazaxıstan neftinin Xəzər dənizində BTC
vasitəsilə tranziti üçün Aktaudan Səngəçal terminalına ümumilikdə
12-14 tanker reysi həyata keçiriləcək”.
Şirkət bildirir ki, Qazaxıstan neftini BTC boru kəmərində qəbul
etmək üçün SOCAR “2022-ci ildə Səngəçal terminalı ərazisində neft
yığan boru kəmərləri şəbəkəsini yeniləyib və bu, BTC-nin gücündən
istifadə imkanlarını artırıb”.
Məlumat üçün: cari həftənin əvvəlində Qazaxıstanın digər yatağı
olan, həmçinin BTC ilə daşınması nəzərdə tutulan Kaşaqandan neftlə
yüklənmiş ilk tanker Aktau limanından Bakı istiqamətində yola
düşüb. “Kaşaqan” yatağından 6,9 min ton neft “Kaztransoil”
tərəfindən göndərilib, onun nəqli isə “Akademik Xoşbəxt Yusifzadə”
tankeri ilə həyata keçirilib.
Hazırda BTC kəməri ilə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan
neft, “Şahdəniz” kondensatı və SOCAR-ın xammalı nəql olunacaq.
Xəzər dənizi regionunun digər ölkələrindən də neft bu kəmərlə
axacaq.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i
Azərbaycandan, 249 km-i Gürcüstandan, 1076 km-i Türkiyədən keçir.
Kəmərin gücü ildə 50 milyon tondan artıq neftdir.
BTC boru kəmərinin istismara verilməsindən, yəni 2006-cı il iyunun
4-dən 2022-ci ilin sonunadək Ceyhan limanından 5244 tanker yola
düşüb ki, bu da bu müddət ərzində dünyaya 531 milyon tondan (3,99
milyard barel) çox neftin BTC vasitəsilə bazarların tədarük
edilməsi deməkdir.
BTC Co-nun səhmdarları bunlardır: BP (30,1%), SOCAR (25%), MOL
(8,9%), Equinor (8,71%), TPAO (6,53%), ENI (5%), Itochu (3,4%),
ExxonMobil (2,5%) %), INPEX (2,5%), TotalEnergies (5%) və
ONGCVidesh (2,36%).