“Teatr insanı insana insan kimi anladan bir sənətdir” – teatr işçilərinin Ümumdünya Teatr Günü ilə bağlı fikirləri
Hər il martın 27-də bütün dünyada qeyd olunan Ümumdünya Teatr Günü teatr işçilərinin beynəlxalq peşə bayramıdır. Bu bayram ənənəvi olaraq “Teatr xalqlar arasında qarşılıqlı anlaşma və sülhün möhkəmləndirilməsi vasitəsi kimi” devizi altında keçirilir.

Hal-hazırda Gürcüstanda gürcü teatrları ilə yanaşı Azərbaycanlıların da yaratdığı üç teatr fəaliyyət göstərir. Bunlar Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı, “BEEZ”
Uşaq Teatrı və “ERA” teatrlarıdır. Bu gün ilə əlaqədar olaraq teatrların bədii rəhbərləri ilə söhbət apardıq. Qardabanidə fəaliyyət göstərən “BEEZ” Uşaq Teatrının bədii rəhbəri Binəli İslamoğlu “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, onlar teatr tamaşaları vasitəsilə insanlara həmrəyliyi öyrədirlər.

“İlk öncə Beynəlxalq Teatr Günü münasibətilə bütün teatr işçilərini, dostlarımı təbrik edirəm. Teatrın vətəni qədim Yunanıstan olsa da, tezliklə bütün dünyaya yayıldı və bu gün Gürcüstanda da bir çox teatr fəaliyyət göstərməkdədir. Ümumiyyətlə, Gürcüstanda, mən deyərdim ki, teatra maraq var və insanlar teatra getmək istəyirlər. Mən bunu göstərdiyimiz tamaşalardan bilirəm. Bu bir az da bizdən asılıdır. Ancaq bilirsiniz, bizdə dövlət teatrlarında tamaşanı hazırlamaq üçün sizə dövlət bir vəsait ayırır və siz tamaşa qurursunuz. Ancaq özəl teatrlarda bu belə deyil. Özəl teatrların nə büdcəsi, nə də ki, o qədər dəstəkçisi olur və buna görə də özəl teatrlar öz güclərinin hesabına tamaşalar qururlar və satdıqları biletlə ən azından hansısa kostyumun və ya dekorun pulunu çıxarırlar. Çox vaxt o da olmur. Deyə bilərsiniz ki, nə oldu elə, donorlar yoxdurmu, sizə dəstək olan? Var, ancaq bəzi donorların öz maraqları olur və mən bunu öz adıma deyirəm ki, o maraqlar bəzən teatrı çərçivəyə alır, buna da mən razı olmuram. Biz bu gün azad düşünən, gələcəkdə özünü ifadə edən, uşaq və gənclər yetişdiririk və biz onları çərçivəyə ala bilmərik. Və buna görə də ildə iki tamaşa göstərəndə ictimaiyyət səni qınayır. Əzizlərim, bizlər öz gücümüzə tamaşa qururuq. Bilirsiniz, bəzən teatrda qınayanları da görmürsən. Bu gün teatra ən böyük dəstəkçi tamaşaçının özüdür. Tamaşaçı teatra gəlməli, aldığı biletlə teatra dəstək olmalıdır. Hətta belə bir deyim var. Teatr insanı insana insan kimi anladan bir sənətdir. Demək ki, tamaşaçısız teatr olmur. Biz insanı insana göstəririk axı. Hər şey tamaşaçıdan asılıdır. Sonda bütün teatr işçilərinə gördükləri işlərində uğurlar arzu edirəm. Yaşasın Teatr və ona dəyər verən insanlar!” – Binəli İslamoğlu müsahibəsində dedi.

Özəl teatrlardan biri də “ERA” teatrıdır. İllərdir ki, Gürcüstanda fəaliyyət göstərir. Hal-hazırda teatrın ona yaxın üzvü var. “ERA” teatrının bədii rəhbərinin müavini və aktyoru Elnur Vəlizadə “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, onun teatra, aktyorluğa həvəsi və marağı uşaqlıqdan yaranıb. Bolnisi rayonunun İmirhəsən kəndində boya-başa çatmış 1996-cı il təvəllüdlü aktyorun sözlərinə görə, həyat istər istəməz onu teatr sahəsinə aparıb.

“Həyat məni istər təhsil, istərsə də fərdi fəaliyyət nöqteyi-nəzərindən fərqli yönlərə çəksə də, nəhayət təkrardan yolumu elə məhz bu sahəyə – teatra, aktyorluğa salmışam. Teatr fəaliyyətinə bədii rəhbəri Anar Rafiqoğlunun olduğu “Era” teatrında başlamışam. Mən deyərdim ki, “Era” teatrı bu sahəyə marağı olan gənclər üçün böyük fürsətdir. Çünki teatral təhsili və ya diplomu olmamasına baxmayaraq, qabiliyyəti və potensialı olan bir şəxs teatrmıza qoşula, səhnəyə çıxa bilər. Hər-hansı bir obrazı canlandırmaq, o insan kimi olmaq hər nə qədər zövqlü olsa da, bir o qədər də maraqlı və çətindir. Mən xatırlayıram, bir dəfə Anar Rafiqoğlunun qələmə aldığı “Cənnətdən gələn məktub” adlı pyesi səhnədə canlandırarkən çox qəribə hal yaşanmışdı. Belə ki, tamaşanın bitməsinə baxmayaraq mən pərdə arxasında dəqiqələrcə hönkürtü ilə ağlayırdım və göz yaşlarım dayanmırdı. Canlandırdığım şəhid atanın rolundan çıxa bilmirdim. Və bu, məndə unudulmaz bir xatirəyə çevrildi. Bu gün, 27 mart Dünya Teatr günüdür. Bu münasibətlə mən, teatrı sevən, dəstək verən, orada fəaliyyət göstərən hər kəsi səmimi qəlbdən təbrik edirəm. Və inanıram ki, teatr daim yaşayacaq və ona verilən dəyər daha da artacaq", – Elnur Vəlizadə dedi.

Qeyd edək ki, martın 27-si bütün dünyada Beynəlxalq Teatr Günü kimi qeyd olunur. Bu qərar Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilən IX konqresində qəbul edilib. Hər il Beynəlxalq Teatr Günü münasibəti ilə nüfuzlu incəsənət xadimləri dünya ictimaiyyətinə müraciət edirlər. Bu ənənənin əsasını qoyan və ilk dəfə dünya ictimaiyyətinə Teatr Günü münasibəti ilə mesaj göndərən fransalı yazıçı Jan Kokto (1962-ci il) olub.

Hər il Beynəlxalq Teatr Günü ilə əlaqədar dünyanın bütün teatrlarında, o cümlədən respublikamızda fəaliyyət göstərən teatrlarda müxtəlif tədbirlər keçirilir, tamaşalar nümayiş edilir.

Gürcüstanda peşəkar teatrının yaranması yanvar ayına təsadüf edir. Belə ki, 14 yanvar tarixində Gürcüstanda teatr günü kimi qeyd olunur. Gürcü teatrının əsası 1850-ci ilin yanvarın 14-də Tbilisidə Qiorqi Eristavinin “Boşanma” adlı ilk tamaşası ilə qoyulub. Həmin dövrdə bu teatr Gürcüstanda ilk və yeganə peşəkar teatr idi.

Print Email
FaceBook Twitter Google