Gürcüstana təzə çiyələk idxalının həcmi mövsümöncəsi dövr üçün
rekorddur və yanvar-fevral aylarında 420 ton təşkil edib. Bu, ötən
ilin eyni aylarının göstəricisindən üç dəfə çoxdur. Məlumatı
Agroportal EastFruit yayır.
O cümlədən, 2022-2023-cü ilin avqust-fevral mövsümündə təzə çiyələk
idxalı ötən illə müqayisədə 44% çox, yəni 750 ton olduğu halda,
2021-2022-ci ilin eyni dövründə idxalın ümumi həcmi cəmi 250 ton
olub.
EastFruit analitiklərinin fikrincə, illik idxalda belə böyük
sıçrayış yerli tələbatın artması ilə bağlıdır, buna Rusiya
vətəndaşlarının ölkəyə axını, eləcə də pandemiyadan sonrakı
iqtisadi canlanma səbəb olub.
Son 9 ilin qeyd olunan ayları ilə müqayisədə bir il ərzində çiyələk
idxalı təxminən 85 ton artıb. İdxal olunan məhsulların 82 faizi
təzə, qalanı isə dondurulmuş çiyələk olub. EastFruit-ə görə,
dondurulmuş çiyələk idxalı daha təsadüfi və dəyişkəndir, təzə
çiyələk idxalı isə sabit artım göstərir.
Bu ilin fevral ayında ölkəyə 260 ton təzə çiyələk idxal edilib,
kiloqramı 0,26 ABŞ dolları (0,66 lari) olub, eyni ayda dondurulmuş
çiyələk idxal edilməyib. Həcmi 100 ton olan sonuncu dondurulmuş
şirinləşdirilmiş çiyələk ölkəyə yanvar ayında gətirilib. İdxal hər
kq üçün 0,45 ABŞ dolları (1,15 lari) olub ki, bu da təzə çiyələyin
yanvar ayı idxal qiymətindən 0,16 dollar (0,41 lari) yüksəkdir.
Dondurulmuş çiyələk adətən mürəbbə istehsalı üçün xammal kimi
istifadə olunur.
Bir qayda olaraq, Gürcüstanda çiyələk istehsalı may və iyun
aylarında zirvəyə çatır, bundan sonra yerli tədarük sürətlə azalır.
Bununla belə, idxalın artması yerli istehsalın azalması və Horeca
(otel/restoran/kafe) sektorunun, eləcə də supermarketlər
şəbəkəsinin böyüməsi ilə bağlıdır. O cümlədən, məlumata görə,
2016-2017-ci illərdə Gürcüstanda 5,3 min ton, sonrakı 4 ildə
(2018-2021) ümumi həcmi cəmi 5,0 min ton çiyələk istehsal
olunub.
Üstəlik, yerli istixanalar ucuz idxalla rəqabət apara bilmir.