Prokurorluğun Baş Müfəttişliyinin əməkdaşları saxta prokuror statusundan istifadə edərək dələduzluq yolu ilə külli miqdarda pul əldə edən şəxsi yaxalayıblar
Gürcüstan Prokurorluğunun Baş Müfəttişliyinin əməkdaşları dələduzluq yolu ilə külli miqdarda pul əldə etmək faktı ilə özünü prokurorluğun əməkdaşı və Gürcüstanın baş prokuroruna yaxın şəxs kimi təqdim edən şəxsi saxlayıblar.

Bu barədə Baş Prokurorluqda keçirilən brifinqdə prokuror İrakli Tsirekidze məlumat verib.

Onun izahatına görə, təqsirləndirilən şəxs dələduzluq yolu ilə bir sıra zərərçəkmişlərə məxsus 295 650 lari və 135 000 ABŞ dolları məbləğində pulu ələ keçirib.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs zərərçəkmişlərlə müxtəlif şəxslərin adları ilə əlaqə saxlayıb, onun ailə üzvlərinin tikinti şirkətinin sahibi olması barədə uydurma və yalan məlumatlar verib, zərərçəkmişlərə bazardan xeyli aşağı qiymətə müxtəlif növ daşınmaz əmlak vəd edib. Nəticədə o, dələduzluq yolu ilə bir neçə zərərçəkmişə məxsus 295 650 lari və 135 000 ABŞ dolları məbləğində pulu ələ keçirib.

Həmçinin, təqsirləndirilən şəxs vətəndaşların etimadını qazanmaq üçün saxta yolla prokuror statusundan istifadə edib, müxtəlif vaxtlarda müxtəlif şəxslər tərəfindən Gürcüstanın baş prokuroruna yaxın şəxs kimi tanınıb.

Cinayəti törədən şəxs Tbilisi şəhər məhkəməsinin qərarı əsasında Baş Müfəttişliyin əməkdaşları tərəfindən saxlanılıb və ona qarşı qanunsuz mənimsəmə məqsədi ilə külli miqdarda pul vəsaitinin dələduzluq yolu ilə mənimsənilməsi ilə bağlı altı ittiham irəli sürülüb ki, buna görə da altı ildən doqquz ilə qədər həbs cəzası nəzərdə tutulur.

Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinin müddətinin uzadılması barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edib.

Cinayət işi üzrə istintaq davam edir.

İctimaiyyətə müraciət edirik ki, prokurorluğun və/və ya onun hər hansı əməkdaşının adından istifadə edərək sizə qarşı oxşar və ya digər cinayət əməlləri baş veribsə, Gürcüstan Baş Prokurorluğunun Baş Müfəttişliyi ilə əlaqə saxlayın, ona dərhal cavab veriləcək",
- deyə Tsirekidze bildirib.

Print