UEFA Türkiyənin üç klubunu cəzalandırıb
UEFA Türkiyənin "Fənərbağça", "Trabzonspor" və "Sivasspor" klublarını cəzalandırıb.

Buna sözügedən komandaların azarkeşlərinin avrokubok matçlarındakı davranışı səbəb olub.

İstanbul təmsilçisinin evdə İspaniya "Sevilya"sına 1:0 hesabı ilə qalib gəldiyi Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda fanatların meydana yad əşyalar atması və keçidləri bağlaması klubu 44 min avro ziyana salıb. Üstəlik, növbəti avrokubok görüşündə "Ülker" stadionunda 5 min oturacaq boş qalacaq.

"Trabzonspor" tərəfdarlarının İsveçrədə "Bazel"ə qarşı keçirilmiş pley-off mərhələsinin cavab matçında (0:2) priotexniki vasitələrdən istifadə etməsi səbəbindən klub 20 min avro cərimələnib.

UEFA ən ağır cəzanı isə "Sivasspor"a verib. Komandanın "Fiorentina"ya 1:4 hesabı ilə uduzduğu Konfrans Liqasının 1/8 final mərhələsinin cavab oyununda yerli fanatlardan biri meydana daxil olaraq rəqib futbolçuya hücum çəkib. Nəticədə Sivas təmsilçisinin növbəti avrokubok görüşünü azarkeşsiz keçirməsinə qərar verilib. Komandanın kapitanı Hakan Arslan isə 3 oyunluq diskvalifikasiya olunub.

Mənbə: report.az

Print