Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Tbilisi
şəhərində 28 May – Müstəqillik Günü və 26 İyun - Silahlı Qüvvələr
Günü münasibətilə rəsmi qəbul təşkil olunub.
Tədbirdə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili, daxili
işlər naziri Vaxtanq Qomelauri, Gürcüstanın Dövlət Təhlükəsizliyi
Xidmətinin rəhbəri Qriqol Liluaşvili, müdafiə nazirinin birinci
müavini xanım Lelo Çikovani, Xarici İşlər Nazirliyinin rəsmi
şəxsləri, parlamentin deputatları,
elm, ictimaiyyət nümayəndələri,
din xadimləri, Türkiyənin səfiri Ali Kaan Orbay, eləcə də
Gürcüstanda akkreditə olunan diplomatik korpusun əməkdaşları və
dəvət olunmuş qonaqlar iştirak ediblər.
Tədbirin keçirildiyi otelin foyesi və zal Azərbaycan Bayraqları,
rəmzləri, Şuşanın maketi ilə bəzədilmişdi.
Təntənəli mərasimdə əvvəlcə Azərbaycanın və Gürcüstanın Dövlət
himnləri səsləndirilib.
Səfir Faiq Quliyev çıxış edərək deyib ki, cari il Azərbaycan və
Gürcüstan dövlətlərinin, eyni zamanda, bölgənin tarixi üçün çox
əlamətdardır. 105 il əvvəl, 1918-ci ilin mayın 26-da Gürcüstanın
dövlət müstəqilliyi bəyan edilib. Ondan iki gün sonra, mayın 28-də
isə Azərbaycan öz qədim dövlətçilik ənənələrinə yenidən qovuşmuş,
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması barədə İstiqlal
Bəyannaməsi qəbul edilmişdir.
“Eyni zamanda, cari il Azərbaycanda dövlət
səviyyəsində, həmçinin dünyanın əksər ölkələrində müasir
Azərbaycanın memarı və qurucusu, dünya miqyaslı siyasətçi və
Gürcüstanın böyük dostu Ümummilli Liderimiz Heydər Əliyevin 100
illiyi qeyd olunur. O cümlədən cari il qardaş Türkiyə
Cümhuriyyətinin 100 illiyinə təsadüf edir. Bütün bu tarixi
paralellər Azərbaycan, Gürcüstan və Türkiyənin sarsılmaz tarixi
bağlılığının əyani təzahürləridir.
Qeyd edəkb ki, AXC-nin mövcud olduğu 23 aylıq qısa müddət ərzində
bir çox mühüm nailiyyətlərə imza atılıb.
Ölkəmizin 1991-ci ildə müstəqilliyini bərpa etdiyini, bununla belə,
müstəqilliyin ilk illərində bir çox çətinliklərlə üzləşdiyini qeyd
edib. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider
Heydər Əliyevin uzaqgörənliyi və müdrik siyasəti sayəsində
Azərbaycanın dayanıqlı inkişafının təmin olundu. Əsası Ümummilli
Liderimiz tərəfindən qoyulan siyasət bu gün Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilir, ölkəmizin hərtərəfli inkişafı
istiqamətində böyük nailiyyətlər əldə olunub”.
Gürcüstan-Azərbaycan əlaqələrindən söz açan səfir bildirib ki,
Azərbaycanın həyata keçirdiyi kompleks inkişaf strategiyasında
Gürcüstanla münasibətlər müstəsna əhəmiyyətə malikdir.
“Müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanla
Gürcüstan arasında strateji tərəfdaşlığın əsasları 1996-cı ildə
Azərbaycan dövlət başçısı Heydər Əliyevin Tbilisiyə etdiyi ilk
tarixi səfər zamanı qoyulmuşdur. Həmin səfər çərçivəsində
imzalanmış təməlqoyucu sənədlər fakt etibarilə ikitərəfli
münasibətlərimizin ana xəttini müəyyən etmişdir. Onların
nəticəsidir ki, bölgəmizdə meqalayihələr gerçəkləşmişdir. Nəticədə
Cənubi Qafqazın yeni siması formalaşmış, bölgəmiz dünyanın
geosiyasi və geoiqtisadi xəritəsində özünəməxsus yer tutmuşdur.
Azərbaycan bu 105 illiyini qeyd edən nizami ordunun da inkişafı və
ölkəmizin ümumi hərbi qüdrətinin güclənməsinə nail olmuşdur.
Ordumuz öz sözünü hər-hansı işğal deyil, beynəlxalq ədalətin bərpa
olunması, ölkəmizin torpaqlarının azad olunmasında demişdir.
2020-ci ildə dövlətlə xalqın şəksiz birliyi sayəsində, 44 günlük
Vətən müharibəsində misilsiz igidlik göstərən qəhrəman Ordumuz
Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi
altında böyük Qələbə qazanmış, şanlı Zəfərimiz 30 il ərzində həlli
uzadılan münaqişəyə son qoyulmuşdur”.
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili çıxış edərək
Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib,
ölkələr arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini
bildirib. O, əlaqələrin inkişafında parlamentlərarası
münasibətlərin rolunu xüsusi vurğulayıb.
Sonra Gürcüstan müdafiə nazirinin birinci müavini xanım Lelo
Çikovani çıxış edərək Müstəqillik Günü və Silahlı Qüvvələr Günü
münasibətilə təbriklərini çatdırıb. O, Azərbaycan ilə Gürcüstan
arasında hərbi sahədə əməkdaşlığın inkişafını xüsusi qeyd edib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin hərbi attaşe aparatının
rəhbəri polkovnik-leytenant Fuad İbrahimov çıxışında deyib ki,
1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Silahlı
Qüvvələrdə yeni islahatlar həyata keçirilməyə başlayıb.
“Yarandığı gündən Azərbaycan Silahlı Qüvvələri müasir
və peşəkar qüvvəyə çevrilib. Müzəffər Ali Baş Komandan Prezident
İlham Əliyevin daim diqqət və qayğısı nəticəsində Silahlı
Qüvvələrimiz inkişaf edir, döyüş qabiliyyətini daha da
artırır”.
Tədbir Azərbaycan Respublikası Milli Müdafiə Universitetinin Heydər
Əliyev adına Hərbi İnstitutunun Hərbi Orkestri maraqlı konsert
proqramı ilə çıxış edib.
Xüsusi guşədə Azərbaycan istehsalı olan məhsulların nümayişi,
həmçinin Azərbaycan tarixini və füsunkar təbiətini əks etdirən rəsm
əsərləri tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Sonda tədbir iştirakçılarına Azərbaycanın milli mətbəxinin ləziz
təamları təqdim edilib.
Şəkillər Elnur Vəlizdəyə aiddir.