“Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması faciədir” - Suxumi
Abxaziyanın qondarma xarici işlər naziri İnal Ardzinba Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistanın Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanımağa hazır olduğu bəyanatını faciə adlandırıb.

“Cəmi bir neçə il əvvəl Ermənistanın baş nazirinin belə bir söz deyəcəyini təsəvvür edə bilməzdik. Bundan başqa, 1992-ci ildə Ermənistan Ali Soveti qərar qəbul edib ki, Dağlıq Qarabağın Azərbaycanın ərazisi hesab edildiyi hər hansı daxili və ya dövlətlərarası normativ-hüquqi aktın Ermənistan Respublikasında qəbul edilməsinə icazə verilmir. Belə çıxır ki, baş nazir Paşinyanın bəyanatı bu qətnaməyə ziddir. Bu, görünməmiş bir bəyanatdır. Biz çox sərt geosiyasət dövründə yaşayırıq. Dağlıq Qarabağla bağlı baş verənlər geosiyasi konsensusun nəticəsidir. Nə qədər insan öldü və nəticənin nə olduğunu nəzərə alsaq, nəticələr kifayət qədər faciəli ola bilər və Dağlıq Qarabağla baş verənlər faciədir”, -
Ardzinba bildirib.

Mayın 22-də Nikol Paşinyan bəyan edib ki, Ermənistan Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyi və hüquqlarının müdafiəsi təminatlarını aldıqdan sonra Qarabağla yanaşı Azərbaycanın ərazi bütövlüyünü də tanımağa hazırdır. Paşinyanın Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması Ermənistanda və Dağlıq Qarabağda narazılığa səbəb olub.

Mənbə: BPN

Print Email
FaceBook Twitter Google