BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 77-ci sessiyası
çərçivəsində Gürcüstan və 63 ölkənin təşəbbüskarı olduğu qətnamə
qəbul edilib.
Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN)
bildirilib.
“Gürcüstanın Abxaziya və Tsxinval bölgəsi/Cənubi Osetiyadan olan
məcburi köçkün və qaçqınların statusu barədə” qətnamənin lehinə ilk
dəfə olaraq 100 ölkə səs verib. Doqquz ölkə sənədi dəstəkləməyib,
59 ölkə isə səsvermədən imtina edib.
Azərbaycan və Türkiyə əvvəlki illərdə olduğu kimi Gürcüstanın
təqdim etdiyi qətnaməni dəstəkləyib. Ermənistan isə ənənəsinə sadiq
qalaraq səsvermədə iştirak etməyib.
Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ölkənin
suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsinə görə beynəlxalq
ictimaiyyətə təşəkkür edib.
Qeyd edək ki, Gürcüstan adıçəkilən qətnaməni BMT Baş Assambleyasına
2008-ci ildən təqdim edir. Sənəddə Gürcüstanın Rusiyanın işğal
etdiyi bölgələrində baş verən zorakı demoqrafik dəyişikliklər
qınanılır, etnik mənsubiyyətindən asılı olmayaraq məcburi
köçkünlərin öz evlərinə təhlükəsiz qayıtması hüququ təsdiqlənir və
onların hüquqlarına hörmətlə yanaşılmanın və qorunmasının
zəruriliyi vurğulanır. Azərbaycan 2008-ci ildən etibarən həmin
qətnamənin lehinə səs verir.
Mənbə: mediapost.az