Marneulinin 5 məktəbi Niko Ketsxoveli məktəbi mükafatının
yarımfinalına çıxıb.
Birinci yerə Marneulinin Roman Zoidze adına 1 saylı ictimai
məktəbinin “Aydınlatma” Eko-klubu çıxıb. “Temida” vətəndaş klubunun
və “Aydınlatma” Eko-klubunun rəhbəri Dali Kekelidze “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirdi ki, onlar üçün Kvemo Kartli
miqyasında birinci yerə çıxmaq finala çıxmağa bərabərdir və o, ümid
edir ki, mükafat qazanacaqlar. Pedaqoqun sözlərinə görə, layihəyə
qoşulduqları gündən dəfələrlə ətraf mühitin mühafizəsi
istiqamətində tədbirlər həyata keçiriblər. Onlar bu dövr ərzində
4740 “ting” (xal) toplayıblar.
“Bizim komanda ətraf mühitin mühafizəsi işləri və
keyfiyyətli təhsil ilə yalnız məktəb ictimaiyyətinin deyil, eləcə
də icma sakinlərinin məlumatlandırılması baxımından mülki
fəallığın, yaxud ekoloji dəyərlərin yüksəldilməsinin qayğısına
qalır. Bizim “Mənim təmiz kəndim” layihəmiz çərçivəsində 7 kəndə
getdik və gənclərlə məlumatlandırıcı görüşlər keçirirdik, birgə
təmizlik işləri aparır və ya yaşıllaşdırma aksiyaları həyata
keçirirdik. Bizim üçün müsabiqənin yarımfinalında olmaq çox
mühümdür. Öz uğurlarımızı, təcrübəmizi başqaları ilə bölüşəcəyik.
Eləcə də motivasiya üçün şagirdlərin əmək və arzularının
qiymətləndirilməsini istəyirdik. Sizdən gizlətmirəm, finalda
iştirak etməyi də istəyirik, əgər mükafata layiq yer qazansaq, çox
xoşbəxt olarıq. Yenə də həmin vəsaiti öz məktəbimizin və icmamızın
mühitini qorumaq üçün sərf edərdik”, – Dali Kekelidze
bildirir.
Müsabiqədə ikinci yerə Marneuli 2 saylı ictimai məktəbinin “Bizim
Gələcəyimiz üçün” vətəndaş və Eko-klubu çıxıb. Eko-klub üzvləri
4170 “ting” toplayıblar. Bu Kvemo Kartli miqyasında ikinci
nəticədir. Pedaqoq və həmin klubun qəyyumu Temur Suğaşvili ümid
edir ki, finala da çıxacaqlar.
“Marneuli şəhər 2 saylı ictimai məktəbinin bazasında
yaradılmış vətəndaş klubu 2017-ci ildən fəaliyyət göstərir. Klub
işlərinin əsas istiqamətlərindən biri həmişə ətraf mühitin
mühafizəsi ilə bağlı tədbirlər olub. Niko Ketsxoveli mükafatını bir
neçə ildir, müşahidə edirəm. Həmkar müəllimlərdən bilirdim ki, bu
müsabiqə məktəb bazasında (lokal səviyyədə) davamlı inkişaf
prinsiplərinin tətbiq edilməsinə necə dəstək olur. Ötən il mənim
iki dostumun, həmkarımın məktəbi qalib oldu. Məhz bu mənim üçün
əlavə motivasiya mənbəyi oldu. Marneuli 2 saylı məktəbin bazasında
olan kluba ayrıca Eko-klub komponenti əlavə etdik və qeyd olunan
müsabiqəyə qoşulduq. Bizim Eko-klubun üzvləri davamlı inkişafa nail
olmaq üçün 175 tədbir həyata keçirdilər. Nəticədə 4170 xal
topladıq. Bütün məktəb davamlı inkişafa nail olmağa istiqamətlənmiş
tədbirlərə qoşulmuşdu. Bu dövrdə biz resurslardan ikinci dərəcəli
istifadəni təşviq etdik, məktəbdə yeni məkanlar açdıq,
Eko-gəzintilər təşkil etdik, Algeti çayının vadisini təmizlədik və
s. Niko Ketsxoveli mükafatına qoşulmağımız bizə göstərdi ki, Yer
kürəsini qorumaq, resurslar toplamaq, eko-dostluq tədbirləri həyata
keçirmək heç də əlçatmaz deyilmiş. İndi bizi yarımfinal gözləyir,
burada eko-klublar jüri qarşısında təqdimatla iştirak edəcəklər və
gördükləri işlər haqqında danışacaqlar”, – Temur
Suğaşvili bildirir.
Qeyd olunan məktəblərdən əlavə müsabiqənin yarımfinalında
Marneulinin Maradisi kənd ictimai məktəbi, Qasımlı və Araflı
ictimai məktəbləri də iştirak edirlər.
Gənclər üçün Ətraf Mühitin Mühafizəsi müsabiqəsi – Niko Ketsxoveli
mükafatı – 2015-ci ildə CENN tərəfindən, “Gürcüstanda meşənin
davamlı idarə edilməsi” layihəsi çərçivəsində, Avstriya İnkişaf
Əməkdaşlığının/Austrian Development Cooperation maddi dəstəyi ilə
təsis edilib.
Müsabiqənin əsas məqsədi məktəb şagirdlərinə davamlı inkişaf
məqsədləri haqqında məlumat vermək və təbii, sosial mühitin
yaxşılaşdıırlması üçün öz əlləri ilə dəyişikliklərin edilməsi
imkanlarını göstərməkdir. Müsabiqəyə qoşulmuş şəxslər özləri
davamlı inkişaf prosesinin iştirakçısı olurlar.