Azərbaycan sabah Qarabağın erməni əhalisi ilə danışıqlara hazırdır.
Bu barədə Prezidentinin köməkçisi - Prezident Administrasiyasının
Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici
işlər nazirliyində keçirilən brifinqdə deyib.
“Biz onların humanitar ehtiyaclarını dinləməyə
hazırıq”, - deyə H.Hacıyev bildirib.
Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması,
Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların
qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin
birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması,
onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad
edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq
işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın
təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının
konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal
xarakterli antiterror tədbirləri keçirilib.
Bu gün isə qeyri-qanuni erməni silahlı dəstələri təslim olub.
Şərtlərə əsasən, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı
qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri
silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və
tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin
birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni
silahlı dəstələri buraxılır.
Mənbə: trend.az