Bəzi qüvvələr Azərbaycan ərazisində gedən proseslərlə bağlı əsassız
olaraq İslam və xristian dinləri arasında qarşıdurma təsəvvürü
formalaşdırmağa çalışır.
Bunu Tbilisidə keçirilən “Dinlərarası dialoqda dövlətin rolu” adlı
beynəlxalq konfransda Azərbaycanın Gürcüstandakı fövqəladə və
səlahiyyətli səfiri Faiq Quliyev deyib.
Səfir qeyd edib ki, Azərbaycan və Gürcüstan bir-birilərin ərazi
bütövlüyü və suverenliyini daimi əsasda dəstəkləyir:
“Biz Gürcüstan Baş naziri İrakli Qaribaşviliyə bölgədə
sülhün bərqərar edilməsinə yönəlmiş Cənubi Qafqaz Dinc Qonşuluq
Təşəbbüsünə görə minnətdarıq”.
Faiq Quliyev işğal dövründə Azərbaycan ərazilərində 66 məsciddən
65-nin dağıdıldığını diqqətə çatdırıb. Vurğulayıb ki, bütün bunlara
baxmayaraq Azərbaycan azad edilmiş ərazilərdə nəinki İslam dininə
aid olan məbədləri, həmçinin digər dinlərə və məzhəblərə məxsus
abidələri də bərpa edərək məsələyə münasibətini göstərir.
Faiq Quliyev Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlığın
möhkəmləndirildiyini, iki ölkənin Cənubi Qafqazda sülh və
təhlükəsizliyin qarantı olduğunu diqqətə çatdırıb.
“Təhdidlərə baxmayaraq ölkələrimiz əməkdaşlıq üçün
müsbət gündəm hazırlamağa müvəffəq ola biliblər”, -
səfir deyib.