Lokal antiterror tədbirləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub
Lokal antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının
Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub.
Bu barədə məlumatı Azərbaycan Səhiyyə Nazirliyi yayıb. Məlumata
görə, şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12
nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid
olanlardan 1 nəfər də mülki şəxsdir.
"Azərbaycan Respublikasının Silahlı Qüvvələri
tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş
uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan
Respublikasının suverenliyi tam bərpa
olunmuşdur".
Nazirliyin bəyanatında deyilir ki, 11 nəfərin şəxsiyyəti Məhkəmə
Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan
sonra müəyyənləşdiriləcəkdir.
Eyni zamanda, lokal antiterror tədbirləri nəticəsində 511 hərbi
qulluqçu və 1 mülki şəxs yaralanmışdır.
"Yaralıların ən qısa zamanda müalicəsi üçün yüksək
səviyyəli peşəkar həkim briqadaları fəaliyyət göstərir və bütün
zəruri tibbi tədbirlər görülür. Yaralı hərbçilərimizin tezliklə öz
sağlamlıqlarına qovuşmasını arzu edirik. Azərbaycan Respublikasının
ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş bütün hərbi
qulluqçularımızın əziz xatirəsini yad edir, ailələrinə və
yaxınlarına dərin hüznlə başsağlığı veririk", –
məlumatda deyilir.