Marneulidə məhkəmə sisteminin problemləri haqqında işgüzar görüş keçirilib
Bu gün, 28 sentyabr tarixində Marneulidə məhkəmə sistemi ilə əlaqədar görüş keçirilib. Görüşdə hakimlər, vəkillər, prokurorlar, xalq müdafiəçisi və mülki sektor nümayəndələri iştirak ediblər. “Mülki Məşğulluq və Aktivizm Mərkəzinin” nümayəndəsi Naşir Orduxanovun “Marneuli” radiosuna bildirdiyinə görə, görüşün məqsədi məhkəmə sistemi ətrafında işləyən aktorların dialoqa başlamasıdır.

“Onlar regionda ümumi ədalət sistemini, problemləri və hüquqi məsələlərə, ümumiyyətlə ədalət sahəsinə
aid olan gələcək əməkdaşlıq yollarını müzakirə edəcəklər. Bizim məqsədimiz budur ki, bu sahədə işləyən adamların dialoquna yardım edək ki, özləri ədalət sistemində hansı problemlərin olduğunu müzakirə etsinlər”,
– Naşir Orduxanov bildirdi.

Görüşdə “Gürcüstan Məhkəmə Müşahidəsi” tərəfindən aparılmış monitorinqin nəticələrini də müzakirə ediblər. “Gürcüstan Məhkəmə Müşahidəsi”-nin direktoru Nazi Canezaşvili bildirdi ki, təşkilat məhkəmənin monitorinqi məsələsi üzərində bir il əvvəl işləməyə başlayıb. Gürcüstan miqyasında 18 məhkəmədə hüquqi sahəyə aidiyyəti olmayan könüllülər cinayət, mülki və inzibati işlərin aparılmasını müşahidə edirlər. Təşkilat nümayəndələri ümumilikdə 1300-dən artıq məhkəmə iclasını müşahidə ediblər.

Nazi Canezaşvili “Marneuli” radiosu ilə söhbəti zamanı monitorinq zamanı əldə olunan nailiyyətlərdən danışdı.

“Əsasən, birinci problem gecikmələr idi. Proseslər gecikirdi və yekun nəticədə işin də gecikməsinə səbəb olurdu. Təşkilatçılıq problemi kifayət qədər genişmiqyaslıdır. Demək olar ki, bizim müşahidə etdiyimiz təxminən 38% proseslərdə gecikmələr var idi. Gecikmələrdə qısa müddətə gecikməni deyil, 5 dəqiqədən artıq vaxtı nəzərdə tuturuq. Eləcə də hesabatlılıq məsələsi də maraqlı idi. Yəni hakimlər tərəflərə və iştirak edənlərə prosesinin niyə gecikdiyini izah etmirdi. Açıqlama məsələsi də problemlidir, hakimlər 22%-də prosesin niyə gecikdiyini açıqlayıblar”.

Canezaşvilinin sözlərinə görə, elə hallar olub ki, proseslər keçirilmirdi, amma açıqlama vermirdilər ki, niyə keçirilmir.

“Eləcə də hakimlərin prosesləri necə aparması, iclasın hansı mərhələdə olub-olmadığını qeyd etmələri və s. də mühümdür. Biz gördük ki, hakimlərin 38%-i iclasın hansı mərhələdə olduğunu izah etmirdi və müşahidəçilər proses başa çatdıqdan sonra özləri başa düşürdülər ki, məhkəmə prosesi hansı mərhələdə idi. Mərhələlərin şəffaflıq baxımından da əhəmiyyəti var. Çünki iştirak edənlər bilməlidir və hakim iclasın necə getməsi ilə bağlı bütün təfərrüatları izah etməlidir, bu onun öhdəliyidir. Bundan əlavə hakimlər tərəfindən də kobud rəftar etmə halları var idi, 20 belə hal qeydə alındı və bu az deyil”.

“Gürcüstan Məhkəmə Müşahidəsi”-nin direktorunun sözlərinə görə, araşdırmaya Kvemo Kartli məhkəmələri, həmçinin, Marneuli məhkəməsi də daxildir.

“Bizim düşündüyümüz problemlərdən biri tərcüməçi məsələsidir. Yalnız Marneulidə deyil, Rustavidə də bu var idi. Çünki bir tərəfdən guya məhkəmələrdə bu sistem qaydasındadır, bürolardan tərcüməçiləri çağırırlar və ya bəzi hallarda məhkəmələrdən tərcüməçi çağırırlar, məsələn, Rustavinin yerində bir neçə tərcüməçisi var, amma yekun nəticədə bu problemdir. Çünki heç kim tərcümə xidmətinin nə dərəcədə keyfiyyətli olduğunu və eyni zamanda menecmentə görə tərcüməçilərin çağırılmaması, proseslərin maneçiliklə keçirilməsini yoxlamır. Dərindən işlənməli olan məsələnin bu olduğunu düşünürük”, – Nazi Canezaşvili bildirib.

Məhkəmə sistemi ətrafında işləyən adamlarla görüş “Kvemo Kartli regionunda ədalətin əlçatanlığı baxımından mövcud olan problemlər” layihəsi çərçivəsində keçirilib. Layihəni “Tərəqqi üçün prevensiya” və “Mülki Məşğulluq və Aktivizm Mərkəzi” qeyri-hökumət təşkilatları, USAİD-in Qanunun Aliliyi Proqramı çərçivəsində həyata keçirir.

Print Email
FaceBook Twitter Google