Amerika xalqının pulu Gürcüstanda inqilabi proseslərin
planlaşdırılmasına sərf olunur.
Bu barədə Gürcüstanın hakim partiyasından bildiriblər.
“Bu, Amerikanın Gürcüstana yardımı tarixində qara
gündür. USAID (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) Amerika xalqının
pullarının niyə başqa ölkəyə iğtişaşları qızışdırmaq, iğtişaşlar
planlaşdıran və zorakılıq törədən qrupları hazırlamaq üçün
getdiyini izah etməlidir”, - Gürcüstan parlamentinin
sədri Şalva Papuaşvili deyib.
Bu bəyanatdan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) brifinqi
keçirilib və orada bildirilib ki, Şərq-Qərb İdarəetmə İnstitutunun
dəvəti ilə USAID proqramı çərçivəsində Serbiyanın CANVAS (Tətbiqi
Qeyri-zorakı Fəaliyyət və Strategiyalar Mərkəzi) qeyri-hökumət
təşkilatının nümayəndələri Gürcüstanda olublar.
DTX iddia edir ki, onlar hökumətin devrilməsi prosesində həlledici
rol oynamalı olan mülki fəalların böyük bir qrupu üçün təlim
keçiblər.
Bundan əlavə, Gürcüstan DTX sentyabrın 26-29-da Tbilisidəki IBIS
hotelində keçirilən təlimlərin materiallarının bir hissəsini dərc
edərək, yuxarıda qeyd olunan ittihamları sübut etdiklərini
bildirib.
DTX-nin məlumatına görə, Serbiya vətəndaşları Sinişa Sikman, Yelena
Stoyşiç və Slobodan Cinoviç sentyabrın 25-də Gürcüstana gəliblər.
Ötən cümə günü onlar DTX-yə dindirilməyə çağırılıblar. Onlara qarşı
heç bir ittiham irəli sürülməyib və sentyabrın 30-da Serbiya
vətəndaşları Gürcüstan ərazisini tərk ediblər.
Eyni zamanda, DTX onların cinayət məsuliyyətindən yayınmaq üçün
ölkədə olmalarının əsl səbəbini gizlətməyə çalışdıqlarını iddia
edir.
“Qeyd etmək lazımdır ki, onların ifadələri istintaqın əldə etdiyi
sübutlarla ziddiyyət təşkil edir və bu ziddiyyət bir neçə detal
üzrədir”, - bəyanatda bildirilir.
DTX iddia edir ki, bu şəxslər 2003-cü ildə Gürcüstanda baş vermiş
inqilabi hadisələrlə əlaqəlidirlər və müxtəlif illərdə Serbiya,
Ukrayna və digər ölkələrdə analoji proseslərlə bağlı olublar. Onlar
CANVAS təşkilatının hakim halqasını təmsil edirlər, Sinişa Sikman
və Slobodan Cinoviç isə Serbiyada “Otpor” təşkilatının –
Gürcüstanın “Kmara” təşkilatının analoqu olan təşkilatın keçmiş
üzvləridir.
Gürcüstan DTX-nin bəyanatının bir hissəsini aşağıda təqdim
edirik:
“İctimaiyyətə xatırlatmaq istərdik ki, özəyi “Otpor” təşkilatı olan
CANVAS təşkilatı bu ilin oktyabr-dekabr aylarında Gürcüstanda
planlaşdırılan inqilabi ssenariyə gənclər qruplarını hazırlamaq
üçün istifadə olunur. Sözügedən təşkilatların xarici ölkələrdəki
inqilabi proseslərdə iştirak etməkdə və zorakı etiraz aksiyalarının
təşkili üzrə təlimlərdə müəyyən praktiki təcrübəsi var.
Adları çəkilən şəxslərin Gürcüstana gəlişinin göstərilmiş səbəbi
mədəniyyət sahəsində çalışanlar üçün strateji qeyri-zorakı mübarizə
mövzusunda təlim keçmək olub, lakin istintaq onların Gürcüstana
gəlişinin məqsədinin təkcə bu olmadığını müəyyən edib.
O cümlədən bu şəxslərin səfərinin əsl məqsədinin cari ilin
oktyabr-dekabr aylarında Gürcüstanda həyata keçirilməsi
planlaşdırılan destruktiv və qanunsuz əməllərin özəyinə çevrilməli
olan həmin gənclər və nüfuzlu qeyri-hökumət təşkilatları ilə
ünsiyyət qurmaq və onlara təlimlər keçmək olduğu aşkar edilib.
26-29 sentyabr 2023-cü il tarixləri arasında Tbilisidəki IBIS
hotelində hökumətin zorla devrilməsi proseslərinə yenidən hazırlıq
keçirilib. Bu şəxslərə hədəf qruplara, yəni hakimiyyət orqanlarına,
kilsəyə, Dövlət Təhlükəsizliyi Xidmətinə və digər idarələrə qarşı
necə hərəkət etməli olduqları, həmçinin piketlərin və süni
tıxacların yaradılması yolları, inzibati binalara girişin
qarşısında çadırların qurulması üsulları, dövlət strukturlarında
gərginlik yaradılması yolları öyrədilib. Dinləyicilər gözlənilən
həbslər prosesinə hazırlanıb və bu cür durumda müqavimət üsulları,
aksiya iştirakçılarının maliyyələşdirilməsi, parlament binasına
basqın, radiostansiyaların bağlanması və hakimiyyətin ələ
keçirilməsi, qanunla seçilmiş hökumətin devrilməsi kimi proseslərə
öyrədilib, bu zaman Serbiyada baş vermiş bir sıra inqilabi
proseslərin müqayisəli təhlili nümunə
göstərilib”.
Gürcüstan DTX ilk dəfə iki həftə əvvəl oktyabr-dekabr aylarında
ölkədə vətəndaş iğtişaşları və zorakılıqla hakimiyyət
dəyişikliyinin planlaşdırıldığı barədə açıqlama verib. Həmçinin
qeyd olunub ki, bu müddət təsadüfi seçilməyib, çünki bu zaman
Gürcüstanın Aİ-yə namizəd statusu almaq üçün tövsiyələrin yerinə
yetirilməsini qiymətləndirən Avropa Komissiyasının aralıq və yekun
hesabatları dərc edilməlidir.
DTX planın hazırlanmasında iştirak edənlər arasında Ukrayna hərbi
kəşfiyyatı rəhbərinin müavini Georgi Lortkipanidzenin və Ukraynada
döyüşən “Gürcü legionu”nun komandiri Mamuka Mamulaşvilinin adını
çəkib.
Eyni zamanda, DTX bəyan edib ki, Ukraynadakı “Avromaydan”a bənzər
planın həyata keçirilməsi xarici dövlətlərin koordinasiyası və
maliyyə dəstəyi ilə planlaşdırılıb.
“Bəyanatın (Gürcüstan DTX-nin – red.) yeganə məqsədi fəal insanları
qorxutmaqdır”, - o vaxt “Canvas Georgia” təşkilatının direktoru
Georgi Meladze feysbukda yazmışdı. O qeyd etmişdi ki, heç bir
çevriliş planlaşdırmır. Meladzenin sözlərinə görə, “Canvas” yalnız
qeyri-zorakı vətəndaş kampaniyaları üzərində işləyir.
“İndiki Gürcüstan hökuməti öz daxili siyasi
problemlərini həll etmək üçün növbəti dəfə Ukraynanı
şeytanlaşdırmağa çalışır. Ukrayna dövləti Gürcüstanın daxili
işlərinə qarışmayıb, qarışmır və qarışmağı da
planlaşdırmır”, - Ukrayna Xarici İşlər Nazirliyinin
nümayəndəsi Oleq Nikolenko bildirib.
Mənbə: amerikiskhma.com