Pərdəarxası hekayə: Azərbaycan Dram Teatrının aktrisası rejissora qarşı

Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının aktrisası Aidə Tağıyeva teatrın vəziyyəti

və daxilində baş verən proseslər haqda danışdı. Onun sözlərinə görə, son 5 il ərzində teatrda 4 yeni tamaşa səhnələşdirilib ki, bu da utanverici bir haldır. Aktrisanın “Marneuli” radiosuna dediyinə görə, dövlət teatrının bu vəziyyətə gəlib çıxmasının əsas səbəbkarı teatrın bədii rəhbəridir.

“Mən
bu il ərzində, yəni yanvar ayından bu günə qədər maksimum 20-25 dəfə teatra çağrılmışam, geridə qalan ay və yaxud günlərdə oturub pensiya şəklində maaş almışam. Teatrımız bu il ərzində sadəcə üç dəfə tamaşaçı qarşısına çıxıb. Bu, peşəkar statusunu daşıyan və dövlətin büdcəsindən maliyyələşən teatr üçün biabırçı bir rəqəmdir. Maaşlar az ola bilər, amma biz bu maaşın belə qarşılığını verə bilmirik. Bu ilin sonunda Turqay Vəlizadənin teatrımıza rəhbər təyin olunmasının 5 ili tamam olacaq. Bu müddətdə bizim teatrda sadəcə 4 yeni tamaşa ərsəyə gəlib. Köhnə aktyorlar gedəndən sonra onların yerinə teatrın qəbul edə biləcəyi boş ştatlar var. Hal-hazırda 4-5 kadrı işə götürmək imkanı var. Bu günə qədər o ştatlar boşdur. Yeni aktyorlar qəbul olunmur. Gürcüstanda yaşayan azərbaycanlılar arasında istedadlı insanlarımız var. Teatrda öz istedadlarını sınamaq istəyən gənclər var. Onlardan dəfələrlə eşitmişəm ki, bizim teatra işləmək üçün müraciət ediblər. Hamısı bizim rəhbərlikdən rədd cavabı alıblar. Teatrın qapılarını onların üzünə bağlayıblar”.


Tağıyevanın dediyinə görə, teatrda təbliğat problemi də mövcuddur.

“Bildiyiniz kimi bizim PR menecerimiz də aktyorlarlarla birgə teatrdan getdi. Bu günə qədər o ştat da boşdur. Bu ilin may ayında Turqay Vəlizadənin oynadığı “Mono” tamaşası təkrar oynanıldı və izləməyə 5 nəfər tamaşaçı gəlmişdi, zal boş idi. Rəhbərlik 4-5 bilet ancaq satır. Oynadığımız tamaşalara öz gücümüzlə tamaşaçı dəvət edirik, bilet satırıq, bir şəkildə zalı doldururuq, amma rəhbərlik bunun üçün bir addım belə atmır”.

Aktrisanın sözlərinə görə, teatrın daxilində ayrı-seçkilik hökm sürür. Belə ki, Turqay Vəlizadə sadəcə özünün gətirdiyi aktyorlarla işləyir.

O, rəhbər vəzifəsinə təyin olduğu müddətdə 2 yeni tamaşa səhnələşdirilib. Üçüncü tamaşanın isə hazırlığı gedir. Bu üç tamaşanın hər birində, istisnasız olaraq özünün teatra gətirdiyi Həsənova bacıları və İsfahanlı qardaşlar olan yeni aktyorlarımızla işləyir. Afişalarda bu ayrılmaz dördlünün adını görəndə onsuz da hər şey aydın olur, çox detallara girməyə ehtiyyac yoxdur. İllərin təcrübəsi olan aktrisaların səhnədə görünməməsi üçün əlindən gələni edir. Teatrın cəmi 7 nəfər aktyor və aktrisası var. Necə ola bilər ki, teatrda digər üç-dörd nəfərə aylarca ehtiyyac olmur. Köhnə aktrisaların iştirak etdiyi tamaşalara (baxmayaraq ki, bu teatrın ümümi fəaliyyətidir) heç kimi dəvət etmir. Yeni gələn aktyorların istəyi ilə truppa rəhbərini məşqlərdən uzaqlaşdırır. Sadəcə öz gətirdiyi yeni kadrlarla xaricə qastrol səfərlərinə gedir. Ümümi teatrın dəvət aldığı rəsmi tədbirlərə sadəcə yeni gələn aktyorlarla gedilir, digərlərinə xəbər belə verilmir. Teatra gələn ödənişli dəvətlərə sadəcə bu adı çəkilən aktyorları irəli sürür və onlarla iştirak edir. Bunun kimi nə qədər detal saya bilərəm, amma çürükçülük etmək istəmirəm. Bir sözlə özünü öz gətirdiyi, öz seçdiyi kadrlardan ibarət şəxsi iş yerində hiss etmək istəyir. Bu da işçilərə qarşı bərabərhüquqlu davranmadığını göstərir. Vəzifəsindən qəddarcasına istifadə edərək, öz şəxsi münasibətlərini teatrın daxili iş prosesinə yansıtmaq, bu formada idarə etmək, ümümi işə xələl gətirməklə nəticələnir. Yeri gəlmişkən, Turqay Vəlizadə özünün yeni kadrlarıyla hazırladığı tamaşa ilə Ankarada qastroldadılar. Bu il ərzində birinci qastroldu. Geri qalan köhnə işçilər yenə evdəyik, dincəlirik”.

Ayrı-seçkiliyin səbəbindən də danışan aktrisa bildirdi ki, teatrdan anlayışı olmayan insanlarla işləmək ona rahat deyil. Onun dediyinə görə, yeni tamaşanın hazırlanmasına çox zaman sərf edilir.

“Normal şərtlərdə bir rejissor 4-5 aktyor tərkibindən ibarət olan bir tamaşanın hazırlanmasına maksimim 2 ay yarım və ya 3 ay sərf edir. Bundan artıq ola bilməz. Amma Turqay Vəlizadə 7, 8 ay bəzən də 9 ay müddətdə bir tamaşanı çətinliklə ərsəyə gətirir. Burada bir nəticə çıxartmaq istəyirəm. Daxildə iş prosesi belədir: Misal üçün məşqlər təyin olunur. Bizi çağırırlar və biz bir gün gedirik. Daha sonra iki həftə çağırılmırıq. Növbəti dəfə 2 gün çağrılırıq, daha sonra üç ay çağrılmırıq. Yəni, bu qədər intervallarla işləyirik. Mən noyabr ayında sadəcə 3 gün məşqə çağrılmışam. Belə olan halda iş prosesi olduqca ləngiyir. Ortaya məhsul çıxa bilmir. Bu da teatrın məhsuldar olmasının qarşısını alır. Nəticədə teatr ildə bir tamaşa ərsəyə gətirir. İçəridə olduqca ölü bir vəziyyət var. İş yoxdur. Bunun başlıca səbəbi rəhbərlikdir. Rəhbərlik imkan yaratmır. İşləmək istəyən kadrları maksimum çalışır ki, uzaqlaşdırsın. Çalışır ki, səlahiyyətini əlindən alsın, susdursun. Etiraz edənə isə aqresiya ilə cavab verir. Mənim etirazım yuxarıda sadaladıqlarımdır. Teatrın ümümi fəaliyyətinin bu şəkildə yerlərdə sürünməsinədir. Eyni zamanda bir teatr işçisi kimi dövlət büdcəsindən, xalqın cibindən maaş alıram və bunun məsuliyyətini daşıyıram. Bunun qarşılığını vermək üçün məni işlə təmin etməlidir. Mənim etirazım budur. Bir işçi kimi mənim rəhbərlikdən istəyim böyük rol, yüksək maaş, qonorlar deyil. Maaş aldığım bir strukturda, ən təməl haqqım olan, işlə təmin olunmağımı tələb etməyimdir. Mən bir aktrisa kimi əlimdən gəldiyi qədər teatrın fəaliyyəti üçün istər üzərimə düşən, istərsə də, düşməyən işlərdə maksimum dərəcədə çalışıram ki, teatra dəstək olum. O, isə hər zaman istəyib ki, məni uzaqlaşdırsın. Bunu etməyin səbəbi nədir? Həqiqətən bilmirəm. Bu suala mənim cavabım yoxdur. Çünki bir sənətkar, bir sənət sevən insanam… Belə də ki, uzun illər Turqay Vəlizadə bizim teatrın aktyoru idi. Belə bir addımda teatrın irəli getməsi üçün can atan insanın qarşısına qalxan olması, qarşı durması, ona etiraz etməsi ağıla sığan bir şey deyil. Məgər o teatrı həqiqi mənada öldürmək üçün təyin olunub? Bu sual məni narahat edir”.

Aktrisanın dediyinə görə, onlar əvvəllər bölgələrə qastrollara gedirlərmiş. Amma yeni rəhbər təyin olunduqdan sonra onlar bölgələrə qastrola getməyiblər.

“Vəlizadənin rəhbərliyinədək biz bir teatr olaraq Gürcüstanın regionlarına il ərzində bir neçə dəfə qastrollara gedirdik. Tamaşalar nümayiş etdirirdik. Turqay gəldikdən sonra regionlara qastrol təyin olunmayıb. Qastrola getməyə teatrın büdcəsi də var. Teatr son 5 ildə 2-3 dəfə Qazaxıstana, 3-4 dəfə də Türkiyyəyə qastrola gedib. Büdcə var, tamaşa var. Hər cür şərait yaradıla bilər. Bunun fonunda teatrı regiona, xalqın görüşünə aparmır. Səfərə gedə bilməməyimizin səbəbini Vəlizadənin bizim teatra bir rəhbər kimi qalmaqallı şəkildə gəlməsində görürəm. Bildiyim qədərilə regionlardan dəvət yoxdur. Rəhbərliyin də regionlara getməyə təşəbbüsü yoxdur. Bildiyiniz kimi Vəlizdəyə xalq içində münasibət birmənalı deyil və əsasən də regionlarda. Mən düşünürəm ki, o, səfərlərə getməkdən çəkinir. Bilir ki, xalqın nifrətinə, kininə səbəb ola bilər. Bununla qarşılaşmaq istəmir. O, gəldiyi gündən susqunluq elan edib. Heç nəyə münasibət bildirmir. Teatrla maraqlanan heç bir mətbuat orqanına müsahibə vermir. Hətta mətbuat orqanlarının teatra daxil olmasının, iş proseslərinin qeydə alınmasının qarşısını alır. Etiraz edir. Vəlizadəyədək teatr hər zaman mətbuatla əməkdaşlıq edib. Xalq qarşısında şəffaf olub, indi isə qapalı qutuya çevrilib. O, xalqa xidmət edən teatrın rəhbəridir. Teatrın bütün addımlarından planlarından xalqın xəbərdar olma haqqı var. Xalq qarşısında məsuliyyət daşımadığını düşünür. Qastrola getməməyimiz xalqımızın teatrsız qalmağı deməkdir. Dövlət tərəfindən maliyələşən teatr xalqa qapılarını bağlayıb. Region xalqı teatrımızı unudub. Problem odur ki, bizim rəhbəri nə region xalqı dəvət edir, nə də ki, rəhbərliyimiz bu reallığın gözünə içinə baxmaq istəyir”.

Aktrisa bəzən teatrdan uzaqlaşmağı da düşünür. Amma o, mübarizə apararaq tetrın canlanmasını istəyir.

Hal-hazırda teatr məni həm daxilən həm də fiziki mənada yorur. Bütün bunlar olduqca çətinlik çəkdiyim bir prosesdir. İllərin aktrisasıyam. Elə olurdu ki, eyni vaxtda 3-4 tamaşada iştirak edirdim. Bilmirdim hansı tamaşanın tekstini əzbərləyim, hamısı bir-birinə qarışırdı. Bilmirdim necə çatdırım. Həmişə gileylənirdik ki, maaş azdır. Mən bu qədər işləyirəm. Bunları deyirdik. O vaxtlar maaşlar çox az idi və eyni zamanda da iş çox idi. Hal-hazırda isə mən oturmuşam və pensiya alıram. Mən uzun zamandır daxildə bu məsələyə qarşı etirazlara başlamışam. Əvvəllər xahiş edirdim, amma artıq bu ilin başlanğıcından hər ay Vəlizadəyə zəng etməyə başladım ki, məni işə niyə çağırmırsan?! Niyə teatrda ümümiyyətlə iş getmir?! Nə baş verir?! Tənqidlərim onu narahat etməyə başladı. Mənə dedi ki, sən aktrisasan bu sənin işin deyil, sənin işin rol alanda gəlib işləməkdi. Bundan sonra mənimlə aqressiv danışmağa başladı. Çalışırdı ki, məni uzaqlaşdırsın. Mənimlə söhbətdən tamamiylə yayınırdı. Etirazlarımdan narahat olduqca mənə bir neçə dəfə haqsız yerə xəbərdarlıq yazaraq, işdən çıxaracağıyla hədələdi.
Bəzi insanların oturub pensiya şəklində maaş alması xeyrinədir. Ona görə bu məsələdə susanlar var. Mən isə bu məsəyələ belə baxmıram. Mən bir məsuliyyətli vətəndaş kimi dövlət büdcəsindən maaş alıb, işsizliyə şərik olub, dövlət büdcəsinin səmərəsiz şəkildə xərclənməsinə səssizcə həm şahidlik edib, həm də iştirakçısı ola bilmərəm".


Eyni zamanda mən bir sənətsevər insan kimi teatrımızın fəaliyyətsizliyinə də biganə qala bilmərəm. Bu Turqayın şəxsi şirkəti olsaydı, səsimi çıxarmazdım. Bu teatr xalqındır və teatrda işləyən hər kəs də xalqa xidmət edən işçidir. 20 ilin təcrübəli aktrisası, mən, əgər rəhbərliyə lazımsız kadramsa, onda rəhbərlik məni sübütlu bir şəkildə teatrdan uzaqlaşdırsın, amma bu məsələlərə şərik etməsin. Baxmayaraq ki, öz istəyimlə ərizə yazıb teatrdan uzaqlaşmağım üçün psixoloji təzyiq və bir çox çətinliklər qarşısına qoyuluram. Düşünürəm ki, etiraz edib getməyim mövcud olan problemin həlli yolu deyil.

"Çox vaxt çıxmağı düşünmüşəm, çünki ruhdan düşürəm. Motivasiyayla məşqə gedib psixoloji təzyiqlə qayıtqmaq özümü tamamilə sənətə təslim etməyimə mane olur. Mən sənətlə bəhrələnən insanam, sənətkar insan isə eyni zamanda etiraz etmə, tənqid etmə ehtirasını içində boğa bilməyən şəxdir. Sənətkar həmdə tənqidçidir, yaradıcı həmdə etiraz edəndir. Biganə qala bilmirəm və düşünürəm ki, nəsə etmək lazımdır. Məsələ əslində mənim işdə qalacağım yaxud da gedəcəyim deyil. Məsələ teatrın fəaliyyətidir və mən orda olsam da, olmasam da teatr işləməlidir, var olmalıdır, ölməməlidir, çünki sənət bəşəriyyətin bu günə qədər yaratdığı yeganə əbədilikdir”.

Tağıyeva tetrın keçmiş əməkdaşlarının işdən azad olunmasına da münasibət bildirdi. O, qeyd etdi ki, həmin məsələ bugünə qədər də teatrın ağrılı məsələsi olaraq qalır.

“Bəli, bu məsələ uzun zaman müzakirələrə səbəb oldu və bu günə qədər də bizim teatrın ən ağrılı məsələsi olaraq qalır. Köhnə aktyorlarımız təbii ki, özləri çıxmaq istəməyiblər. Bu yalandır. İşdən azad edilən əməkdaşlar Vəlizadəylə işləməyə bəlli səbəblər göstərərək etiraz edirdilər. Etiraz formaları işə gəlməmək idi. Belə olan halda Turqay Vəlizadə bir rəhbər kimi onlara işə gəlmələri üçün çoxsayda xəbərdarlıqlar göndərdi və sonunda gəlmədikləri üçün işdən azad etmə qərarı qəbul etdi. Proses belə olmuşdu”.

“Keçmiş əməkdaşlar işdən azad olunan zaman nəyə görə dəstək olmadınız?”, - sualına aktrisa belə cavab verdi:

Bu məsələnin məğzində iki nəfərin şəxsi çirkli ambisiyası olsa da, sonunda illərlə teatrımıza əmək verən ömrünün yarısını teatrda keçirən olduqca istedadlı aktyorlarımız işdən azad olundu. Bu hadisə məni daxilən çox narahat etsə və üzsə də, mən neytral qalmağı seçdim. Hər iki tərəf mənim illərlə səhnə bölüşdüyüm insanlar olub. Bu vəzifə davası oyununda, birinə qarşı gəlib digərini dəstəkləmək, birini üzər, digərini isə sevindirərdi. Bu prosesə qurban olan, sevdiyi sənətdən uzaqlaşdırılan hər bir aktyor mənim üçün ayrı-ayrılıqda dəyərli insanlardılar. Mən teatrın aktrisasıydım və olmağa da davam elədim. Teatrın fəaliyyətinin dayanmaması üçün işlədim. Hal-hazırda mən də teatrda xoşagəlməz hallarla qarşılaşır və bununla mübarizə aparıram. Amma mübarizə formam işə getməmək, teatrın iş fəaliyyətinə xələl gətirmək deyil, əksinə işin getməsi üçün əlimdən gələni etməkdir. Etirazlarında haqlı olduqları məqamlar olsa da, işə gəlməməklə haqsız vəziyyətə düşdülər. Son günə qədər qayıtmalarını xahiş etmişəm və heç vaxt onların teatrdan ayrılmalarını dəstəkləməmişəm. Sadəcə işlərinə davam etməli və başqa yollarla mübarizə apatmalı idilər”.

Tağıyeva sonda onu da əlavə etdi ki, o, hal-hazırda rəsmi olaraq teatrda işləyir. O, hələ ki, nə işdən uzaqlaşdırılıb nə də ki, istefa verib.

“İkisi də gözlənilən bir haldır. Hələ ki, bunların heç biri reallaşmayıb. Hal-hazırda sizinlə söhbət zamanı bir məqam diqqətimi cəlb etdi. Mən öncə teatrın hal-hazırkıi vəziyyətini, daha sonra aktyorların işdən azad edilməsi haqda danışdım və gözümdə canlanan ümümi mənzərə belə oldu: Turqay Vəlizadə köhnə aktyorları rəsmi olaraq o səbəbdən işdən azad etdi ki, işə gəlmirdilər, işləmirdilər. Bu gün isə özü işləmək istəyən insanlara imkan yaratmır, əksinə kənarlaşdırmağa çalışır və ən əsası, özü də işinin öhdəsindən gələ bilmir. Təzadlı və ironik bir vəziyyətin portretini görürük. Bəs belə olan halda onu kim işdən azad edəcək?”

Qeyd edək ki, Aidə Tağıyeva ali təhsilini İlia Dövlət Universitetinin tele-jurnalistika fakultəsində alıb. Teatrda isə rəsmi olaraq, artıq 20 ildir ki, akrtisa olaraq işləyir. O, bu müddət ərzində Kamal Abdullanın “Bir-iki bizimki”, “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasında Şərəfnisə xanım, Cəfər Cabbarlının “Solğun çiçəklər”ində Sara obrazı, “Xocalı” tamaşasında bir ana obrazı, Əli Əmirlinin “Köhnə ev” tamaşasında Cana rolunu, Çexovun “Ayı” tamaşası Luka obrazı, Dario fo və Franka Ramenin “Azad ailə” tamaşasında qadın rolunu və bunun kimi bir çox başqa obrazları canlandırıb.

 

Print Email
FaceBook Twitter Google