Bu gün, 30 noyabr tarixində, Marneuli Mülki Məşğulluq Mərkəzində
erkən/uşaq yaşda nikah haqqında müzakirə baş tutub.
Müzakirə qadın zorakılığına qarşı 16 günlük kampaniya çərçivəsində
baş tutub və müzakirədə şagirdlər, məktəb müəllimləri, direktorlar
iştirak ediblər.
“Müzakirə çərçivəsində dəvət edilmiş hüquqşünas uşaq
nikahını qadağan edən qanunvericilik haqqında danışacaq. Hüquq
müdafiəçisi Samirə Bayramova son zamanlar baş verən uşaq nikahı
faktları, ictimaiyyətin və müxtəlif qurumların rolu, reaksiya
göstərilməsi istiqamətində söhbət aparacaq. Marneuli şəhər 2 saylı
ictimai məktəbin direktoru Şorena Xuxua öz təcrübəsini auditoriya
ilə bölüşəcək. Məktəbin uşaq yaşda nikah hallarının qarşısını necə
alması haqqında danışacaq”, – Uşaq yaşda nikah
haqqında müzakirənin izahatında yazılıb.
Hüquq müdafiəçisi Samirə Bayramova “Marneuli” radiosu ilə söhbəti
zamanı bildirib ki, görüşdə əsasən məktəb direktorları, şagirdlər
iştirak edirlər. Çünki erkən yaşda nikah problemi məktəblərdə böyük
problemdir.
“İstəyirik məktəblərlə sıx ünsiyyətimiz olsun və onlara
qanunvericilikdə nə baş verdiyi haqqında daha çox məlumat verək.
Bunların hamısında bizim məsuliyyətimiz, rolumuz nədir və eləcə də
bu görüşdə yerli vətəndaş sektoru nümayəndələri iştirak edirlər.
Onlar bu sahəyə qoşulublar. Bu gün məktəbin çox böyük rolu var –
uşaqların sosiallaşması, inkişafı, təlim-tərbiyəsi. Konkret olaraq
erkən yaşda nikahla bağlı deyim ki, məktəb uşaqların özünü rahat
hiss edə biləcəyi, qaçmağa çalışmadığı yer olmalıdır. Bu gün, erkən
nikah qurbanı olamanın səbəblərindən biri budur ki, məktəb onlara
təhsil, müvafiq ümidr, resurs verə bilməyib. Ona görə də bu uşaqlar
məktəbdən qaçmağı düşünürlər, çıxış yolu olaraq isə nikahı
görürlər. Məhz buna görə, məktəb bütün gənclər üçün özlərini yaxşı
hiss etdikləri, inkişaf etmək istədikləri yer
olmalıdır”, – Samirə Bayramova bildirdi.
Görüşdə Marneuli bələdiyyəsinin Şulaveri 1 saylı ictimai məktəbinin
şagirdi Elza Beridze iştirak edib. Elza deyib ki, onun üçün
qızların hüquqları haqqında əhaliyə məlumat verilən belə görüşlərdə
iştirak etmək mühümdür.
“Əvvəl bu məsələlərlə bağlı çox görüşlər keçirilmirdi və erkən
yaşda nikah halları çox idi. Belə görüşlərin keçirilməsi xoşuma
gəlir. Çünki müəllimlərin çoxusu danışır ki, şagirdin evinə
dəfələrlə getmişik, ancaq onu erkən nikahdan xilas edə bilməmişik.
Müəllim deyir ki, elə hallar olub şagirdi evləndirməsinlər deyə
evlərində saxlayıblar. Bu hekayələri dinlədikdə həmişə ürəyim
qırılırdı. İndi bizim kənddə və məktəbdə vəziyyət daha yaxşıdır.
Hamı artıq erkən evliliyin nə qədər pis olduğunu bilir və mən buna
çox sevinirəm”, – Elza Beridze bildirir.
Gender zorakılığına qarşı 16 günlük kampaniya dünyanın 187
ölkəsində, 1991-ci ildən qeyd olunur. Məqsəd qadına qarşı və ailədə
zorakılığın qarşısının alınması ilə bağlı ictimaiyyətin
məlumatlandırılmasıdır.