Marneulidə erkən nikah haqqında müzakirə baş tutub
Bu gün, 30 noyabr tarixində, Marneuli Mülki Məşğulluq Mərkəzində erkən/uşaq yaşda nikah haqqında müzakirə baş tutub. Müzakirə qadın zorakılığına qarşı 16 günlük kampaniya çərçivəsində baş tutub və müzakirədə şagirdlər, məktəb müəllimləri, direktorlar iştirak ediblər.

“Müzakirə çərçivəsində dəvət edilmiş hüquqşünas uşaq nikahını qadağan edən qanunvericilik haqqında danışacaq. Hüquq müdafiəçisi Samirə Bayramova son zamanlar baş verən uşaq nikahı faktları, ictimaiyyətin və müxtəlif qurumların rolu, reaksiya göstərilməsi istiqamətində söhbət aparacaq. Marneuli şəhər 2 saylı ictimai məktəbin direktoru Şorena Xuxua öz təcrübəsini auditoriya ilə bölüşəcək. Məktəbin uşaq yaşda nikah hallarının qarşısını necə alması haqqında danışacaq”, – Uşaq yaşda nikah haqqında müzakirənin izahatında yazılıb.

Hüquq müdafiəçisi Samirə Bayramova “Marneuli” radiosu ilə söhbəti zamanı bildirib ki, görüşdə əsasən məktəb direktorları, şagirdlər iştirak edirlər. Çünki erkən yaşda nikah problemi məktəblərdə böyük problemdir.

“İstəyirik məktəblərlə sıx ünsiyyətimiz olsun və onlara qanunvericilikdə nə baş verdiyi haqqında daha çox məlumat verək. Bunların hamısında bizim məsuliyyətimiz, rolumuz nədir və eləcə də bu görüşdə yerli vətəndaş sektoru nümayəndələri iştirak edirlər. Onlar bu sahəyə qoşulublar. Bu gün məktəbin çox böyük rolu var – uşaqların sosiallaşması, inkişafı, təlim-tərbiyəsi. Konkret olaraq erkən yaşda nikahla bağlı deyim ki, məktəb uşaqların özünü rahat hiss edə biləcəyi, qaçmağa çalışmadığı yer olmalıdır. Bu gün, erkən nikah qurbanı olamanın səbəblərindən biri budur ki, məktəb onlara təhsil, müvafiq ümidr, resurs verə bilməyib. Ona görə də bu uşaqlar məktəbdən qaçmağı düşünürlər, çıxış yolu olaraq isə nikahı görürlər. Məhz buna görə, məktəb bütün gənclər üçün özlərini yaxşı hiss etdikləri, inkişaf etmək istədikləri yer olmalıdır”, – Samirə Bayramova bildirdi.

Görüşdə Marneuli bələdiyyəsinin Şulaveri 1 saylı ictimai məktəbinin şagirdi Elza Beridze iştirak edib. Elza deyib ki, onun üçün qızların hüquqları haqqında əhaliyə məlumat verilən belə görüşlərdə iştirak etmək mühümdür.

“Əvvəl bu məsələlərlə bağlı çox görüşlər keçirilmirdi və erkən yaşda nikah halları çox idi. Belə görüşlərin keçirilməsi xoşuma gəlir. Çünki müəllimlərin çoxusu danışır ki, şagirdin evinə dəfələrlə getmişik, ancaq onu erkən nikahdan xilas edə bilməmişik. Müəllim deyir ki, elə hallar olub şagirdi evləndirməsinlər deyə evlərində saxlayıblar. Bu hekayələri dinlədikdə həmişə ürəyim qırılırdı. İndi bizim kənddə və məktəbdə vəziyyət daha yaxşıdır. Hamı artıq erkən evliliyin nə qədər pis olduğunu bilir və mən buna çox sevinirəm”,
– Elza Beridze bildirir.

Gender zorakılığına qarşı 16 günlük kampaniya dünyanın 187 ölkəsində, 1991-ci ildən qeyd olunur. Məqsəd qadına qarşı və ailədə zorakılığın qarşısının alınması ilə bağlı ictimaiyyətin məlumatlandırılmasıdır.

Print Email
FaceBook Twitter Google