“VMH”-ın Marneuli Rayon Təşkilatında parçalanma – Xabeişvilinin istefa etməsini kim dəstəkləyəcək
Marneuli Bələdiyyə Məclisinin “Vahid Milli Hərəkat” fraksiyasının əksəriyyəti Levan Xabeişvilinin istefa etməsi tələbinə qoşulur. Fraksiya sədri Laşa Kveladze tərəfindən edilən bəyanata görə, onlar yoldaşlarının xahişinə qoşularaq partiyanın sədri Levan Xabeişvilinin hərəkətləri və çıxışları partiyaya ziyan vurduğu üçün onun vəzifəsindən getməsini tələb edirlər.

“2023-cü ilin may ayında Marneulidə partiyanın rayon təşkilatının sədrinə daxili seçkilər keçirildi. Həmin seçkilərdə Levan Xabeişvili, Qiorqi Botkoveli və Davit Kirkitadze 2021-ci il yerli özünüidarəetmə seçkilərində bizim əleyhimizə, “Gürcü Arzusunun” xeyrinə fəaliyyət göstərən namizədi dəstəklədilər.

Bundan sonra partiya sədri tərəfindən “Mişanın azadlığa buraxılması” qərargahının bağlanması, təcrübəli və mübariz adamların partiyadan təcrid edilməsi cəhdi var idi. Bizə qarşı fəaliyyətdə bu alınması, ancaq Marneuli təşkilatını ikiyə bölməyi bacardılar”,
– Laşa Kveladze sosial şəbəkədə yazır.

Marneuli Bələdiyyə Məclisinin “VMH” Fraksiyası sədrinin sözlərinə görə, partiya sədrinin səhv siyasəti partiyanın parçalanması və reytinqin azalmasına səbəb olub.

“Vətəndaşlarda fikir yaranıb ki, Vahid Milli Hərəkat hakimiyyətin dəyişməsi üçün mübarizə aparmır və yalnız parlament mandatı ilə maraqlanır. Qeyd olunan problemlərin həll edilməsi üçün partiya güclənməlidir və seçicinin Vahid Milli Hərəkata etibarı qaytarılmalıdır. Partiyanın genişmiqyaslı toplantısının keçirilməsi məqsədəuyğundur. Orada partiyaya rəhbərlik edəcək yeni siyasi şura və şura sədri seçiləcək. 2024-cü il seçkilərində birliyimizlə rus oliqarxını məğlub edəcəyik”, – Laşa Kveladze bildirib.

Marneuli fraksiyasının 5 üzvündən 4 üzvü Levan Xabeişvilinin istefasını tələb edir. Marneuli Bələdiyyə Məclisinin “Vahid Milli Hərəkat” fraksiyasının sədri Laşa Kveladze, sədr müavini Ramal Əhmədov, fraksiya üzvləri Davit Kimadze, Marina Petrova Xabeişvilinin istefasını dəstəkləyirlər.

VMH-ın üzvü Nərgiz Əliyeva Xabeişvilinin istefasını dəstəkləmir. “Marneuli” radiosu Əliyevadan müsahibə almağa çalışsa da o, bizim zənglərimizə cavab vermir.

Marneuli Bələdiyyə Məclisinin “VMH” Fraksiya üzvlərinin əksəriyyətindən fərqli olaraq “VMH”-ın Marneuli Rayon Təşkilatı Levan Xabeişvilinin sədrlikdən getməsini dəstəkləmir. “VMH”-ın Marneuli Rayon Təşkilatının sədri Azad Kərimov “Marneuli” radiosuna bildirdi ki, Xabeişvilinin partiya üçün çox sayda xeyirxah işlər görüb və Marneuli rayon təşkilatı onu dəstəkləyir.

“Bir neçə ay əvvəl Marneuli təşkilatında demokratik seçkilər keçirildi və mən Marneuli rayon təşkilatının sədri seçildim. Biz Levan Xabeişvilinin yanındayıq, çünki Levan Xabeişvili partiyaya sədr gələndə partiya gücləndi. İşimiz çoxdur, tapşırıqlarımız çoxdur və çalışırıq. Xabeişvili bir çox regionlarda yeni qərargahlar açdı, bu çox yaxşıdır”, – Azad Kərimov bildirib.

Azad Kərimov onu da qeyd edib ki, artıq bir neçə aydır ki, “VMH”-ın Marneuli Rayon Təşkilatı ofisini dəyişib. Onun izahatına görə, rayon təşkilatı hazırda Nərimanov küçəsində yerləşir, Rustaveli küçəsindəki qərargah isə “Mişanın azadlığı”-nın qərargahıdır. Kərimovun sözlərinə görə, onun “Mişanın Azadlığı” qərargahında baş verənlərlə bağlı məlumatı yoxdur.

Print Email
FaceBook Twitter Google