Noyabrın 23-də Bakıda viza rejiminin sadələşdirilməsi üzrə
Avropa İttifaqı-Azərbaycan birgə komitəsinin 7-ci iclası keçirilib.
Bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı missiyasının
rəhbəri Peter Mixalko Twitter hesabında yazıb:
"Viza
rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanmasından 10 il
ötür ki, bu da adamların rahat səyahət etməsinə imkan yaradır.
Avropaya səfərlərin sayı pandemiyadan əvvəlki səviyyəni
ötüb".
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN)
məlumatına görə isə,
iclasda vətəndaşların Aİ-yə üzv ölkələrin diplomatik missiyalarına
viza müraciətləri zamanı üzləşdikləri çətinliklər qarşı tərəfin
diqqətinə çatdırılıb və onların aradan qaldırılması mexanizmləri
üzrə fikir mübadiləsi aparılıb.
Aİ ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi sazişi
2013-cü il noyabrın 29-da Vilnüsdə keçirilən Şərq Tərəfdaşlığı
Sammiti çərçivəsində imzalanıb. Saziş 2014-cü ildə qüvvəyə
minib.
Azərbaycan Aİ ilə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində
əməkdaşlıq edir. Bu proqram 2009-cu ildə altı keçmiş sovet
respublikasının (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan,
Moldova və Ukrayna) bu qurum ilə daha sıx inteqrasiyası məqsədilə
yaradılıb. Gürcüstan, Moldova və Ukrayna prosesin əvvəllərində Aİ
ilə assosiasiya sazişi imzalayıb. Üstəlik, bu ölkələrdən Moldova və
Ukrayna namizəd statusu, Gürcüstan isə bununla bağlı müsbət tövsiyə
alıb. 2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb.
Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin
nə vaxt imzalanacağı bilinmir. Belarus isə sadəcə əməkdaşlığı
dayandırıb.
- "Bizə münasibətdən doğan məhdudiyyətlər
var"
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa
"Turan"a bildirib ki, Azərbaycanın Aİ ilə əlaqələri kifayət qədər
intensivdir və viza məsələləri orada uğurla irəliləyir: "Sadəcə
bizə olan münasibətdən doğan məhdudiyyətlər var. Yəni, digər
ölkələrə eyni qaydaları tətbiq etmirlər. Halbuki bizim Avropa ilə
əməkdaşlıq perspektivimiz, imkanlarımız daha böyükdür".
Deputat hesab edir ki, Azərbaycanı siyasi təzyiq kimi bununla
müəyyən dərəcədə imtahana çəkməyə çalışırlar:
"Biz də
Avropa İttifaqının bu yanaşmasını qəbul etmirik. Biz daha çox
hansısa şərtlər olmadan bu məsələnin həll edilməsinin
tərəfdarıyıq".
F.Mustafa qeyd edib ki, Azərbaycana bu məsələdə qoyulan
məhdudiyyətlərin səbəbi da göstərilmir: "Hər halda Ermənistanla bu
məsələlər çözüldükdən sonra münasibətin dəyişəcəyi gözləniləndir.
Bütün hallarda bizə qarşı olan ikili standart yanaşması ilə Avropa
İttifaqı bu məsələdə bir az korrekt fəaliyyət ortaya qoymur. Onlar
özləri üçün də problem yaradırlar".
- "Digər postsovet ölkələri ilə müqayisədə proses
çətinləşib"
Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı isə
AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda Şengen vizasının
alınmasında əvvəlki illərlə müqayisədə hər hansı pozitiv dəyişiklik
müşahidə edilmir: "Ola bilsin ki, hansısa xırda texniki
dəyişikliklər olsun, amma, mən deyərdim ki, hətta digər postsovet
ölkələri ilə müqayisədə proses daha da çətinləşib".
O hesab edir ki, burada həm Avropa İttifaqı ölkələrinin, həm də
Azərbaycan hökumətinin məsuliyyəti var: "Avropa İttifaqı ölkələri
vizanı sadələşdirərək vətəndaşların proseslərdə iştirakçılığına,
Avropaya daha yaxşı inteqrasiya etməsinə təkan verə bilərdi, amma
bu, baş vermədi. Azərbaycan hökuməti isə uzun illərdir Avropa
İttifaqı ilə nəinki assosiativ saziş imzalayıb, hətta ondan imtina
edərək ikitərəfli strateji müqaviləyə belə imza atmır. Hər il bu
prosesi yubadırlar. Ona görə də vizaların sadələşdirilməsi digər
ölkələrə nisbətən bizə şamil edilmir".
- "Gürcüstanda Aİ ölkələrinə vizasız gediş-gəliş
var"
B.Süleymanlı qeyd edib ki, qonşu ölkə olan Gürcüstanda Aİ
ölkələrinə vizasız gediş-gəliş var, Ermənistanla da bu yaxınlarda
vizanın sadələşdirilməsi istiqamətində müəyyən razılığa
gəlinib
: "Amma Azərbaycanla bu problemlər qalmaqdadır.
Hətta nəinki sadə vətəndaşlar, bu prosesdə iştirak edən vətəndaş
cəmiyyətinin nümayəndələri Avropa ölkələrinə viza almaqda çətinlik
çəkirlər".
Onun sözlərinə görə, son bir neçə ildə bu, daha da çətinləşib, viza
verilməsi üçün uzun prosedurlar tələb olunur.