Dünya Bankı Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat
Marşrutunun) səmərəliliyini artırmaq üçün Azərbaycan, Qazaxıstan və
Gürcüstana bütün nəqliyyat şəbəkəsi üzrə yüklərin izlənilməsi
imkanının təminini tövsiyə edir.
Bunun üçün həm dəmir yolu, həm də Xəzər dənizi ilə daşımaları əhatə
edən vahid elektron sənəd dövriyyəsinə keçid təmin edilməlidir.
“Logistik qovşaqların yaradılması hesabına yüklərin
konsolidasiyası, dəmir yolu nəqliyyatına keçidə yardım göstərmək və
Şərqlə Qərb arasında yük axınlarının balansını yaxşılaşdırmaq
məqsədəuyğun olardı. Bundan başqa, yekun nəqliyyat tariflərinin
şəffaflığını və proqnozlaşdırıla bilənliyini təmin etmək
lazımdır”, - hesabatda qeyd edilib.
Dünya Bankı Azərbaycan və Qazaxıstana dəniz limanında yüklərin
daşınma müddətini azaltmağı, Bakı-Aktau və əks istiqamətdə
marşrutlar üzrə konteynerlərin həcmlərini artırmağı, konteynerlər
üçün yük və liman tariflərini aşağı salmağı tövsiyə edir. Bundan
əlavə, Azərbaycan yüklərin gəmilərdən sahilə daşınmasının
səmərəliliyini artırmalı, Qazaxıstan isə limanların bağlanması
parametrlərini nəzərdən keçirməli və bütün bazar iştirakçıları üçün
ayrı-seçkilik olmadan liman xidmətlərinə çıxışı təmin etməlidir.
Dünya Bankı Gürcüstan üçün isə liman-dəmir yolu/avtomobil
daşımalarının səmərəliliyinin artırılmasını, naviqasiya kanalının
vəziyyətinin yaxşılaşdırılmasını və konteynerlər üçün liman
tariflərinin azaldılmasını təklif edir (hazırda bütün Qara dəniz
regionunda ən yüksək tarifdir).
Dəmir yolları və sərhəd-keçid məntəqələrinə gəlincə, bankın
analitikləri təklif edirlər ki, Qazaxıstan vaqonların sayını təmin
etsin, manevr əməliyyatlarının səmərəliliyini artırsın, Azərbaycan
və Gürcüstan isə əsasən keçid məntəqələrində vaqonların sayını
artırmalıdırlar. Söhbət xüsusən Gürcüstan və Azərbaycan arasında
sərhəd-keçid məntəqələrində “dəmir yolu-dəniz limanı” daşıma
mərhələsində səmərəliliyin artırılmasından gedir.
“Bu addımlar məhdud investisiya nəticəsində də əhəmiyyətli
nəticələr verə bilər. Bunlar prioritet, dərhal diqqət tələb
olunduğu məsələ kimi nəzərdən keçirilə bilər”, -
Dünya Bankı hesab edir.
Bank 2030-cu ilə qədər Orta Dəhliz boyunca daşımaların həcminin
2021-ci illə müqayisədə üç dəfə artacağını və yüklərin daşıma
müddətini iki dəfə azalacağını proqnozlaşdırır:
“İnvestisiya və əməliyyat təkmilləşdirmələrinin düzgün
kombinasiyası vasitəsilə bu dəhliz transkontinental ticarətin
iqtisadi və siyasi davamlılığına əhəmiyyətli töhfə verə bilər.
Bundan başqa, bu layihə dəniz limanlarına çıxış vasitəsilə Çinə,
Avropaya və dünyanın digər regionlarına etibarlı marşrut təmin
etməklə Mərkəzi Asiya və Cənubi Qafqazın potensialını inkişaf
etdirəcək”.
Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin,
Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək
Türkiyə və Avropa ölkələrinə qədər uzanır.