Yeni bəyannaməsinə görə, Rövşən İskəndərov heç bir əmlak almayıb
Marneuli Bələdiyyə Məclisi sədrinin müavini Rövşən İskəndərov əmlak bəyannaməsini yeniləyib. Vəzifəli şəxsin əmlak bəyannaməsi 2024-cü ilin 11 yanvar tarixində yenilənib.

Yayımlanmış göstəricilərə görə, İskəndərovun əmlakı ötən ilə nisbətən artmayıb. Onun adına Sadaxlı kəndində yerləşən üç torpaq sahəsi, bir yaşayış evi və Tbilisi şəhərində iki mənzil qeydiyyatdan keçirilib.

İskəndərovun adına eləcə də 7 daşınan əmlak qeydiyyatdan keçirilib. Onlardan 4 minik avtomobili və üçü təsərrüfat texnikasıdır. 2009-cu ildə İskəndərov iki kənd təsərrüfatı texnikasını 10 000 və 12 000 dollara alıb. O, daha bir kənd təsərrüfatı texnikasını 2018-ci ildə 10 000 dollara alıb. 2019-cu ildə BMW X6 XDRIVE-yə 30 000 dollar ödəyib. 2020-ci ildə 10 000 dollara “Vaz Lada 2114” alıb. 2016-cı ildə Ford Transit-ə 5 000 dollar, 2021-ci ildə isə “Nissan Juke 2013” 7 000 dollar ödəyib. İskəndərovun bəyannaməsinə görə, 2022-ci ildə əməkhaqqı olaraq 37 144,8 lari alıb.

Rövşən İskəndərov Sadaxlı kəndində yerləşən 4 134 kv.m və 4 026 kv.m torpaq sahəsinə, 1 260 kvm yaşayış evinin 16,66%-lik hissəsinin sahibidir. 2016-cı ildə o, həmin kənddə 10 000 kv.m torpaq sahəsini hədiyyə olaraq alıb, bəyannamədə hədiyyə edənin kimliyi yazılmayıb. 2016-cı ildə Rövşən İskəndərov Tbilisidə Qabriel Salos prospektində 58,56 kvm mənzili 37 000 dollara, 2018-ci ildə Daşkənd küçəsində yerləşən 57,09 kv.m mənzili 49 000 dollara alıb.

Rövşən İskəndərov eləcə də “Aqri-İstanbul Georgia”-nın səhmdarlarından biridir.

Print Email
FaceBook Twitter Google