“Era Teatrı” yeni tamaşanın premyerasına hazırlaşır.
“Zoopark Əhvalatı” adlı tamaşanın premyerası 7 noyabr və 11 noyabr
tarixlərində saat 19:00-da Tbilisidə, Kamera Teatrının səhnəsində
baş tutacaq. Tamaşanın quruluşçu rejissoru və pyesin tərcüməçisi
Anar Rafiqoğludur. O, “Marneuli” radiosu ilə söhbəti zamanı
tamaşanın psixoloji dram janrında olduğunu bildirdi.
“Hazırladığımız “Zoopark Əhvalatı” 1958-ci ildə
yazılmış və bir çox ölkələrdə səhnələşdirilmiş, olduqca məşhur bir
əsərdir. Əsərdə insan tənhalığı və müxtəlif sosial təbəqələrin
münasibətləri gərgin psixoloji dialoqlarla təsvir olunub. Xüsusi
bir səbəb olmadan xarici yazarların əsərlərinə tez-tez müraciət
edirik. Əgər əsər dəyərlidirsə və bizim imkanlarımıza uyğundursa,
onu hazırlaya bilərik. Gələcəkdə də xarici yazarlara müraciət etmək
planımız var. Əsərin süjeti bir-birini tanımayan iki yad adam –
Piter və Cerri arasında parkda baş verən təsadüfi qarşılaşma
ətrafında qurulub. Bu qarşılaşma tədricən gərgin dialoqa çevrilir
və onların həyatları, düşüncələri arasındakı ziddiyyətlər ortaya
çıxır. Tamaşa insanın yalnızlıq, əlaqə qurmaq ehtiyacı və daxili
boşluq kimi dərin mövzuları üzə çıxarır.”
Tamaşanın rejissorunun sözlərinə görə, tamaşa Azərbaycan dilində
ilk dəfə səhnələşdirilir. O, bildirdi ki, gələcəkdə də yeni
tamaşaların hazırlanması üçün çalışacaqlar.
“Yalnız bizim teatr tərəfindən deyil, ümumiyyətlə
Azərbaycan dilində bu əsəri səhnələşdirən ilk teatr bizik. Əsər
Gürcüstanda və Azərbaycanda indiyə qədər səhnəyə qoyulmayıb. Əsərin
müəllifi amerikalı məşhur dramaturq Edvard Albidir. Onun əsərləri
çox vaxt sosial problemləri və insan münasibətlərini araşdırır.
Tamaşada baş rolları İdris Elnuroğlu və Elnur Vəlizadə ifa edirlər.
Hər iki aktyorun təcrübəsi tamaşaya xüsusi rəng qatır və obrazların
dərinliyini güclü şəkildə canlandırırlar.”
Rafiqoğlunun dediyinə görə, tamaşanı qısa müddətdə hazırlayıblar.
Onun sözlərinə görə, onlara əsas dəstək tamaşaçıların
alqışıdır.
“Qısa müddətdə tamaşaçılar üçün yeni tamaşalar ərsəyə
gətirməyi bacardıq. Bu tamaşadan sonra da yeni layihələrimiz davam
edəcək. Əsas gözləntimiz tamaşaçılarımızın dəstəyidir; hər kəs ən
azından bir bilet alarsa, bu, bizim gələcək fəaliyyətimiz üçün çox
böyük stimul olar. Son olaraq, bu tamaşamızın ərsəyə gəlməsində
dəstək göstərən Qafqaz Universitetinə və Gürcüstan Müsəlmanları
İdarəsinin şeyxi cənab Faiq Nəbiyevə təşəkkürümüzü
bildiririk.”
Tamaşanın quruluşçu rejissorunun sözlərinə görə, əgər dəstək olsa,
tamaşanı regionlarda da nümayiş etdirə bilərlər.
“Hər zaman regionlarda tamaşalar nümayiş etdirmək
istəyirik. Lakin bunun üçün əlavə dəstək tələb olunur. Əgər belə
bir təklif və ya dəstək olarsa, xüsusilə Kvemo Kartlinin müxtəlif
bölgələrinə qastrol səfərləri etməyi planlaya
bilərik.”
Anar Rafiqoğlunun dediyinə görə, biletlər artıq satışdadır və
qurtarmaq üzrədir.
“Biletləri heç bir məntəqəyə getmədən onlayn olaraq
elektron formada əldə etmək mümkündür. Bunun üçün 557 31 35 01
nömrəsinə "WhatsApp" vasitəsilə yazmaq kifayətdir. Həmçinin
“Era Teatrı”nın rəsmi səhifəsinə
müraciət edə bilərsiniz.”
Qeyd edək ki,
“Era Teatrı”nın son tamaşası 2024-cü ilin 26
sentyabrında baş tutub. Həmin tamaşa “Komando” adlı tamaşa idi.
Tamaşanın əsas süjet xətti 44 günlük İkinci Qarabağ Müharibəsindən
bəhs edirdi. Tamaşada baş rolları gənc aktyorlar Elnur Vəlizadə,
Elvir Həsənoğlu, Gül Cəfərova və Əli İlqaroğlu ifa edirdilər.
Tamaşanın quruluşçu rejissoru və müəllifi isə Anar
Rafiqoğludur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415