Marneulinin 7 ən kiçik kəndində seçkilərin nəticələri
“Gürcü arzusu” 2024-cü il Parlament seçkilərində Marneulidə 79, 619% səs toplayıb. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 34 394 nəfər Marneuli sakini “Gürcü arzusu”nu dəstəkləyib. 2020-ci ilin Parlament seçkilərinin nəticələri ilə müqayisədə bu ilki Parlament seçkilərində “Gürcü arzusu”-nun topladığı səslərin sayı xeyli yüksəkdir. 2020-ci ildə “Gürcü arzusu” Marneulidə seçicilərin 49,57%-nin səsini toplayıb ki, bu da 29 743 səs
deməkdir.

Bu il Marneuli üzrə 81 seçki məntəqəsi açılmışdı. Səsvermə 41 məntəqədə elektron texnologiyalardan istifadə etməklə, 40 seçki məntəqəsində isə ənənəvi üsulla keçirilib. Bələdiyyənin ən kiçik 7 kəndində “Gürcü arzusu” qalib gəlib – bu kəndlərdə səsvermə ənənəvi qaydada keçirilib.

Marneulinin 7 kəndində 2020 və 2024-cü il Parlament seçkiləri ilə bağlı açılmış seçki məntəqələrinin yekun protokollarına əsasən kəndlərdə seçicilərin sayı azalsa da, “Gürcü arzusu”-nun tərəfdarlarının sayı artıb.

2024-cü ildə Çanaxçı kəndində 166 nəfər, 2020-ci ildə isə 196 nəfərin Parlament seçkilərində iştirak etmək imkanı var idi. MSK-nın məlumatına görə, 2024-cü ildə Çanaxçıda 121, 2020-ci ildə isə 132 nəfər seçkilərdə iştirak edib. Hər iki Parlament seçkisində kənddə 2 səs etibarsız sayılıb. “Gürcü arzusu” bu il Çanaxçıdan 108, 2020-ci ildə isə 114 səs toplayıb. Müxalifətə isə 2024-cü ildə Çanaxçıdan 11, 2020-ci ildə isə 16 səs toplayıb. 

Opreti kəndində 2024-cü il Parlament seçkilərində 2020-ci il Parlament seçkilərindən fərqli olaraq vahid siyahıda seçicilərin sayı 94 nəfər azdır. Buna baxmayaraq, 2024-cü ildə “Gürcü Arzusu” 2020-ci ildən fərqli olaraq Opretidən 83 səs artıq toplayıb.

2020-ci ildə Opretidə 283 seçici qeydə alınıb. Seçkilərə 103 seçici gəlib, 85 nəfər isə “Gürcü arzusu”-nu dəstəkləyib. 2020-ci ildə müxalifət Opretidən cəmi 12 səs toplayıb - 6 bülleten etibarsız sayılıb.

MSK-nın məlumatına görə, 2020-ci ildən sonra Opretidə “Gürcü arzusu”-nu dəstəkləyənlərin sayı kəskin şəkildə artıb. 2024-cü ildə Opretidə 189 seçici qeydə alınıb, onlardan 180 seçici seçkilərdə iştirak edib. “Gürcü arzusu” kənddə 168 səs toplayıb, müxalifət isə 10 səs qazanıb – 2 bülleten etibarsız sayılıb.

MSK-nın məlumatlarına əsasən deyə bilərik ki, Güllübağ kəndində 4 ildir ki, “Gürcü arzusu” tərəfdarlarının sayı dəyişməyib. Həm 2020, həm də 2024-cü il Parlament seçkilərində hakim partiya eyni sayda – 117səs toplayıb.

2024-cü ildə kənddə 152 seçici qeydə alınıb və seçkilərdə 128 nəfər iştirak edib. 2020-ci Güllübağda 164 seçici qeydə alınıb – 135 nəfər seçkilərdə iştirak edib. Müxalifət 2024-cü ildə Güllübağdan ümumilikdə 9, 2020-ci ildə isə 16 səs toplayıb.

Tsopi kəndində 2020-ci ildən sonra ümumi seçicilərin, seçkilərdə iştirak üçün qeydiyyatdan keçən vətəndaşların, “Gürcü arzusu”-nu və müxalifəti dəstəkləyənlərin sayı da azalıb.

2020-ci ildə Tsopidə vahid siyahı üzrə seçicilərin sayı 525, 2024-cü ildə 486 nəfər olub. 2020-ci ildə 340, 2024-cü ildə isə 247 seçici seçkidə iştirak edib. Əvvəlki Parlament seçkilərində “Gürcü arzusu” 223 səs toplayıb. Bu ilki Parlament seçkilərində isə hakim partiya 179 səs toplayıb. 2020-ci ildə müxalifət ümumilikdə 102, 2024-cü ildə isə 67 səsə sahib olub.

MSK-nın rəsmi məlumatına görə, Xancığazlı kəndində əvvəlki Parlament seçkiləri ilə müqayisədə bu ilki Parlament seçkilərində hakim partiyanın tərəfdarlarının sayı artıb.

2020-ci ildə Xancığazlıda 344 seçici qeydə alınıb. Seçkilərdə 205 vətəndaş iştirak edib. “Gürcü arzusu” 97, müxalifət isə ümumilikdə 98 səs toplayıb.

2024-cü ildə Xancığazlıda 346 seçici qeydə alınıb, 184 vətəndaş seçkilərdə iştirak edib. “Gürcü arzusu” 147, müxalifət isə ümumilikdə 32 səs toplayıb.

Dəmyə kəndində 2024-cü ildə 248, 2020-ci ildə 254 seçici qeydə alınıb. MSK-nın məlumatına görə, Dəmyədə əvvəlki Parlament seçkilərində 134, bu ilki seçkilərdə isə 143 seçici iştirak edib. 2024-cü ildə kənddə iqtidar partiyası 105, müxalifət isə 37 səs toplayıb.

MSK-nın məlumatına görə, 2020-ci illə müqayisədə Şaumyanidəki keçmiş hərbi baza ərazisində yaşayan əhali arasında “Gürcü arzusu” seçicilərinin sayı artıb. Şaumyanidəki keçmiş hərbi bazanın ərazisində 2008-ci ilin avqust müharibəsinin məcburi köçkünləri yaşayırlar. Məcburi köçkünlərin məskunlaşdığı yerdə “Gürcü arzusu” 2020-ci ildə 74, 2024-cü ildə isə 100 səs toplayıb.

Müxalifət və vətəndaş sektoru 2024-cü il seçkilərini tanımır və nəticələrin ləğvini tələb edir. Müxalifətin əsas tələbi seçkilərin Beynəlxalq Seçki Komissiyası tərəfindən təkrar keçirilməsidir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google