Kutaisi Apellyasiya Məhkəməsi səsvermə gizliliyinin pozulması ilə bağlı şikayətləri təmin etmədi
Kutaisi Apellyasiya Məhkəməsinin hakimlər kollegiyası 26 oktyabr seçkilərində səsvermə gizliliyinin pozulması ilə bağlı qeyri-hökumət təşkilatlarının şikayətlərini təmin etmədi.

6 noyabr tarixində keçirilən iclasda kollegiya 30 müşahidəçi qeyri-hökumət təşkilatının, “Sənin Səsin” koalisiyasının və “Gənc Hüquqşünaslar Assosiasiyası”nın (SAYA) birgə şikayətlərini müzakirə etdi. Şikayətlər İmereti, Raça-Leçxumi, Acarıstan, Sameqrelo və Quriya dairələrində seçki məntəqələrində seçki günü qeydə alınmış pozuntuları əhatə edir.

SAYA-nın hüquqşünası Tamar Paçulianın sözlərinə görə, məhkəməyə sübutların təqdim edilməsi və sənədlərin əlavə edilməsi ilə bağlı bir neçə vəsatət irəli sürülüb. Bu vəsatətlərdən yalnız biri – Tetritskaro Rayon Məhkəməsinin qərarının işə sübut kimi əlavə olunması – təmin edilib.

Eyni zamanda, “Beynəlxalq Şəffaflıq-Gürcüstan” təşkilatının nümayəndəsi Lela Moçonelidze hakim Şota Siradzenin işdən kənarlaşdırılmasını tələb edərək, onun qərəzsizliyinə şübhə etdiyini bildirdi. Onun sözlərinə görə, Şota Siradze “Gürcü Arzusu” partiyasından Xobi bələdiyyəsinin majoritar üzvü olub və Daxili İşlər Nazirliyinin patrul polis departamentinin rəhbəri Vaja Siradzenin atasidir.

Bu məsələyə hakimlər kollegiyasının digər üzvləri baxdı və vəsatəti təmin etmədi. Onlar qeyd etdilər ki, bu hallar işdən kənarlaşdırma üçün yetərli əsas deyil. Şota Siradze özü isə bəyan etdi ki, vəsatət əsassız və dəlilsizdir, göstərilən hallar hüquqi əsas ola bilməzdi və əgər belə bir əsas yaransaydı, o özü işdən kənarlaşdırılma tələb edərdi.

Apellyasiya Məhkəməsində keçirilən iclasda MSK-nın üçüncü tərəf kimi işə qoşulması, məntəqələrin təsadüfi seçimi, bülletenlərin açılması və gizlilik prinsipinin pozulmasının müəyyən edilməsi ilə bağlı vəsatətlər də təmin olunmadı.

Lakin MSK-nın seçki prosedurlarını əks etdirən və 5 noyabrda yayımladığı nümayiş videosunun işə əlavə edilməsi ilə bağlı vəsatət təmin edildi. MSK nümayəndələri bildirdi ki, video çərçivə zərfinin düzgün istifadə edilməsi və bülletenin lazımi şəkildə yerləşdirilməsi ilə səsvermə gizliliyinin qorunduğunu göstərir.

Qeyri-hökumət təşkilatları Qərbi Gürcüstanın 20-dən çox seçki dairəsində elektron səsvermə ilə keçirilmiş məntəqələrin nəticələrinin ləğvini və məntəqə seçki komissiya sədrlərinin intizam məsuliyyətinə cəlb edilməsini tələb edirdilər.

26 oktyabr seçkilərinin ilkin nəticələrinə görə, 50%-dən çox səs toplayan hakim partiya “Gürcü Arzusu” olub. Müxalifət partiyaları və Gürcüstan prezidenti seçki nəticələrini saxtalaşdırılmış elan edərək yeni seçkilərin keçirilməsini tələb ediblər. Onların fikrincə, yeni seçkilər beynəlxalq seçki administrasiyası tərəfindən təşkil olunmalıdır.

Beynəlxalq müşahidə missiyaları seçki günü təzyiq, qorxutma və saxtakarlıq hallarını vurğulayan hesabatlar yayımlayıb. ABŞ Dövlət Departamenti və digər tərəfdaş ölkələr Gürcüstanda keçirilmiş seçkilərdə pozuntuların araşdırılmasının vacibliyini bildiriblər.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google