Qara dəniz sualtı elektrik enerjisi və fiber optik kabel
layihələri, eləcə də Qara dənizdə aktivləşdirilmiş bərə hərəkəti
kimi təşəbbüslər enerji müstəqilliyi və təhlükəsizliyi sahəsində
effektiv həllər təmin edəcək.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze COP29 çərçivəsində
dəyirmi masa (Energy: Advancing Climate Mitigation Action)
formatında keçirilən müzakirədə çıxışı zamanı deyib.
"Qara Dəniz sualtı elektrik enerjisi və fiberoptik
internet kabelləri, eləcə də Qara dəniz bərə xidməti kimi qabaqcıl
təşəbbüslər kommunikasiya sahəsində transformativ təşəbbüsə çevrilə
bilər və biz onların həyata keçirilməsini sürətləndirməkdə
qərarlıyıq. Bu, bərpa olunan enerjinin Cənubi Qafqaz ölkələrindən
Aİ-yə ötürülməsini asanlaşdıracaq, vahid təchizatçıdan asılılığı
azaldacaq və enerji portfelini şaxələndirəcək. Güclü şəbəkə
bağlantısının yaradılması iştirakçı ölkələrə resursları
birləşdirməyə, tələb və təklifi balanslaşdırmağa, enerji
dayanıqlılığını gücləndirməyə imkan verəcək. İnanırıq ki,
Gürcüstanın Qara dəniz sualtı elektrik enerjisi və fiberoptik
kabelləri, eləcə də Qara dənizdə aktivləşdirilmiş bərə hərəkəti
kimi təşəbbüsləri enerji müstəqilliyi və təhlükəsizliyi, ərzaq
təhlükəsizliyi və etibarlı, alternativ nəqliyyat marşrutları
istiqamətində, xüsusən də mövcud mürəkkəb geosiyasi mühitdə
effektiv həll yolları təmin edəcək" - deyə Kobaxidze
bildirib.