“Milli Hərəkat”ın sədri Tina Bokuçava deyir ki, MSK “Smartmatic”
markalı markerlər əvəzinə başqa markerlərdən istifadə edib.
Onun sözlərinə görə, səsvermə günü bülletenin digər tərəfində
marker işarəsinin görünməsi də məhz bu səbəbdən olub.
Bokuçava hazırda davam edən məhkəmədə müvafiq sübutları təqdim
edəcəyini bildirib.
“Milli Hərəkat bütün xülasə protokollarının etibarsız
olmasını tələb edir. Müvafiq olaraq, 26 oktyabr seçkilərinin
nəticələri tamamilə etibarsızdır. Bütün sahələrdə üç konstitusiya
prinsipi pozulub: məxfilik, iradə azadlığı və universallıq.
Bununla yanaşı, biz çox mühüm dəlillər təqdim edirik. Onların
arasında MSK-nın tam qanunsuz olaraq və müqavilə şərtlərini pozaraq
bir gün əvvəl “Smartmatic” markalı markerlərini digər sübutlarla
birlikdə məhkəməyə sübut kimi təqdim edəcəyimiz marka olmayan
markerlərlə əvəz etməsi faktı da var. Bu işarələr konstitusiya
məxfilik prinsiplərinin və müvafiq olaraq, azad iradənin ifadəsinin
pozulduğu izlər qoyub”, - Bokuçava bildirib.
Tbilisi Şəhər Məhkəməsində “Birlik – Milli Hərəkat”, “Güclü
Gürcüstan” və Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyasının
iddialarına baxılacaq iclas davam edir. İddialar ayrıca
qaldırılmasına baxmayaraq məhkəmə onları birləşdirib. Hakim İveri
Abaşidze hər üç işə birlikdə baxacaq.
MSK-nın məlumatına görə, markerlərin dəyişdirilməsi ilə bağlı
yayılan məlumatlar yalandır və ictimaiyyəti çaşdırmaq məqsədi
daşıyır.
“Seçki bülletenində seçimləri qeyd etmək üçün istifadə
olunan xüsusi markerlər “Smartmatic” şirkəti tərəfindən seçki
administrasiyasına təqdim edilib. Bu, şirkətlə bağlanmış müqavilə
və onların arasında açıq olan və dövlət satınalmalarının elektron
sistemində yerləşdirilən markerlərin qəbulu və təhvil-təslim
aktları ilə təsdiqlənir”, - deyə Mərkəzi Seçki
Komissiyası bildirir.