Tbilisi Şəhər Məhkəməsi "Vahid Milli Hərəkat," "Güclü Gürcüstan"
və "Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası"nın (GGHA) Dairə
Seçki Komissiyaları tərəfindən tərtib olunan yekun protokolların və
nəticələrin etibarsız sayılması tələbi ilə verdiyi iddiaları təmin
etməyib.
Müxalifət və GGHA tərəfindən verilmiş iddialar ayrı-ayrı hakimlər
tərəfindən araşdırılmalı idi, lakin bu iddialar birləşdirilib.
Tərəflər məhkəmə iclasında bildirirdilər ki, 26 oktyabr parlament
seçkilərində
səsvermənin gizliliyinin pozulduğunu sübut edən
çoxsaylı foto və video dəlillər mövcuddur. Müxalifət dəlillərin
yenidən araşdırılmasını tələb edirdi və məhkəmədən Mərkəzi Seçki
Komissiyasına səs sayma cihazı, bülletenlər və seçicilərin həmin
gün istifadə etdiyi markerlərin məhkəməyə təqdim olunmasını
tapşırmasını istəyirdi.
Tamar Kordzaia bildirdi ki, "Smartmatic" ilə bağlanmış müqaviləyə
əsasən, seçki günü "Smartmatic"in markerlərindən istifadə olunmalı
idi, lakin həmin gün başqa marker təqdim edilib.
Onlar həmçinin Dairə Seçki Komissiyalarının üzvlərinin və səsvermə
cihazları haqqında rəy hazırlayan audit ekspertinin dindirilməsini
tələb edirdilər. Tamar Kordzaianın sözlərinə görə, ümumilikdə işdə
ən azı 56 şahid var idi.
"Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası"nın hüquqşünası Nino
Xutsişvili isə bildirdi ki, GGHA-nın iddiası Dairə Seçki
Komissiyalarının yekun protokollarının ləğvi və Mərkəzi Seçki
Komissiyasının bu protokolların ləğvi haqqında qərarı rədd etməsi
ilə bağlıdır. Şikayətləri seçkilərin keçirilməsi zamanı azad
iradənin ifadəsi və gizlilik prinsiplərinin pozulmasına əsaslanır
ki, bu prinsiplər konstitusiya ilə qorunur.
Nəticədə, bu günki məhkəmə iclasında tərəflər hakimə 11 vəsatətlə
müraciət etsələr də, hakim İveri Abaşidze bütün vəsatətləri əsaslı
hesab etməyərək təmin etməyib.