Dörd müxalifət birliyi ortaq informasiya mərkəzi yaradıb

Oktyabrın 26-da keçirilən parlament seçkiləri nəticəsində mandat qazanan, lakin seçkiləri saxta hesab edərək parlamentə daxil olmaqdan imtina edən 4 müxalifət siyasi birliyi birgə informasiya mərkəzi yaradıb.



Qərar bu gün keçirilən mətbuat konfransında “Dəyişiklik naminə Koalisiya”nın nümayəndəsi Zurab Caparidze, “Birlik – Milli Hərəkat”ın nümayəndəsi Laşa Bakradze, “Güclü Gürcüstanın” təmsilçisi Levan Tsutskiridze və “Qaxaria – Gürcüstan naminə” təmsilçisi Teona
Akubardia tərəfindən açıqlanıb.

Müxalifətdən ölkədə baş verən hadisələrlə bağlı mütəmadi olaraq yeni məlumatlar və dəyərləndirmələri ictimaiyyətə çatdıracaq müxalifətin Birləşmiş İnformasiya Mərkəzinin bu gündən fəaliyyətə başlayacağı açıqlanıb.

Levan Tsutskiridzenin sözlərinə görə, hökumətin vətəndaşlara qarşı zorakılığı və həbsləri göstərir ki, “qeyri-qanuni rejim özünün tənəzzülünün son mərhələsindədir”. O, bir çox dövlət qulluqçularının artıq hökumət siyasətindən ayrıldığını vurğulayaraq, hamıya, xüsusən də dövlət sektorunda çalışanlara itaətsizliyə çağırıb.

Tsutskiridze polislərə müraciət edərək bildirib ki, onların vəzifəsi bir tərəfi deyil, vətəndaşları qorumaqdır, ona görə də onlar “qeyri-qanuni rejimin qanunsuz əmrlərinin icrasında, gürcü gənclərini şikəst etməkdə” iştirak etməməlidirlər.

Müxalifət mövcud vəziyyətdən yeganə siyasi çıxış yolunu yeni seçkilər hesab edir və “Gürcü Arzusu”na bu addımı tez bir zamanda atmağa çağırır.


 

Print Email
FaceBook Twitter Google